Dekabrın 23-də Astara rayon Mərkəzi kitabxanasında Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Ölümsüzlüyə qovuşan ömür” mövzusunda xatirə gecəsi keçirildi.
   Ölkə prezidentinin “Akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında” 24 noyabr 2011-ci il tarixli sərəncamına əsasən təşkil olunan xatirə gecəsini Astara rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov açaraq Azərbaycanın şərqşünaslıq və tarix elminin korifeyinin həyat və fəaliyyətindən söz açdı. Sonra rayon MKS-nin direktoru Nazim Fərəməzov “Ölümsüzlüyə qovuşan ömür” mövzusunda məruzə ilə çıxış etdi. Ziya Bünyadovun fundamental elmi tədqiqatlarından danışan natiq akademikin Azərbaycan şərqşünaslıq məktəbini dünyada tanıdan görkəmli mütəxəssis, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə böyük alim olduğunu, geniş oxucu rəğbəti qazandığını bildirdi.
   Xatirə gecəsində Astara rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçi inspektoru Əfqan Şəfiyev, rayon MKS-nin direktor müavini İlyas Məmmədov, Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova çıxış etdilər. Qeyd olundu ki, illər ötəcək, Azərbaycan xalqının böyük oğlu Ziya Bünyadovun əziz xatirəsi qədirbilən xalqımızın və gələcək nəsillərin qəlbində əbədi yaşayacaq.
   Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi münasibətilə rayon MKS-nin Mərkəzi kitabxanası və kənd kitabxana filiallarında akademikin həyat yolunu əks etdirən kitab sərgiləri də təşkil olunub.
   
   Şahin Fərəməzov,
   Astara rayon Mərkəzi kitabxanasının işçisi