Mədəniyyət və Turizm Nazirliyinin «Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları» Proqramına əsasən, 2012-ci il üçün «Azərbaycanın Əfsanələr Paytaxtı» elan edilən Gədəbəydə tədbirlərə start verilib. Aprelin 5-də rayon mərkəzində “Əfsanələr Paytaxtı” təqdimatı keçirilib.
   
   Rayon Mədəniyyət və Turizm Şöbəsində keçirilən təqdimat zəngin və maraqlı tərtibatı ilə diqqət çəkib. «Gədəbəy - Azərbaycanın Əfsanələr Paytaxtı - 2012» tədbirlər planının təqdimatı 7 bölmədən ibarət olub. «Arxeoloji əfsanələr», «Memarlıq əfsanələri», «Turizm əfsanələri», «Siemens əfsanələri», «Saz - söz əfsanələri», «Əfsanə həmyerlilər» və «Qəhrəmanlıq əfsanələri» bölmələrində rayonun tarix və mədəniyyətini əks etdirən 500-dək fotoşəkil, müxtəlif illərdə mətbuat səhifələrində dərc olunmuş yazılar, kitablar nümayiş etdirilib.
   Tədbiri Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova açaraq, sakinləri Gədəbəyin mədəni-ictimai tarixində ilk dəfə keçirilən bu möhtəşəm bayram münasibətilə təbrik edib. Şöbə müdiri bildirib ki, «Azərbaycanın Xalq yaradıcılığı Paytaxtları» layihəsi 2010-cu ildən həyata keçirilir: «Biz də ilk ildən bu böyük mədəniyyət layihəsinə xüsusi maraq göstərirdik. 2010-cu ildə Gəncə, 2011-ci ildə Şabran şəhərlərində “Əfsanələr Paytaxtı” nominasiyası üzrə keçirilən tədbirləri izləyib öz imkanlarımızı araşdırdıq və rayonumuzun bu layihədə iştirak etməsini qərara aldıq. Təkliflərimizi Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdik, nominasiya tələblərinə uyğun olaraq əhatəli tədbirlər planı hazırladıq və nominasiyanın qalibi olduq”.
   Şöbə müdiri bildirdi ki, hazırlanmış tədbirlər planında tarixi abidələrlə bağlı sərgilər, turizmlə bağlı infoturlar, konfranslar, konsertlər, görüşlər, müsabiqə və disputların keçirilməsi nəzərdə tutulub: “Gədəbəyin “Azərbaycanın Əfsanələr Paytaxtı” elan edilməsi rayonumuzun böyük mədəniyyət hadisəsidir. Biz təbiəti, tarixi-mədəni irsi ilə məşhur olan bu dağlıq rayonumuzun əfsanələrini, keçmişini, indisini məhz bu tədbirlərlə daha geniş, daha aktual səviyyədə təqdim edəcəyik”.
   Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə bildirib ki, bu gün rayon ictimaiyyəti üçün tarixi-mədəni əhəmiyyətli gündür. O, Gədəbəy rayonunun 2012-ci ildə «Azərbaycanın Əfsanələr Paytaxtı» elan edilməsini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onlara göstərilən böyük etimad kimi qəbul etdiklərini deyib: “Gədəbəy əfsanələri yaşadan bölgədir. Burada Qız qalası, Koroğlu qalası, Mahrasa məbədi, Siemenslərin tarixi izləri, arxeoloji abidələr silsiləsindən tarixi abidələr məxsusi yer tutur. Gədəbəy turizm baxımından da perspektivli rayondur. Ümid edirik ki, 2012-ci il ərzində rayonumuzda keçiriləcək silsilə tədbirlər Gədəbəyin zəngin tarixini, mədəniyyətini və turizm imkanlarını daha yaxından tanıdacaq».
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev bildirib ki, artıq üçüncü ildir keçirilən «Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları» layihəsi özünü yüksək səviyyədə doğruldur. Şöbə müdirinin sözlərinə görə, respublikanın bütün bölgələrində bu fəxri ad uğrunda rəqabət gedir: “Çünki layihə rayonların mədəni inkişafına müsbət təsir göstərir. Rayonlarda Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə müxtəlif tədbirlər keçirilir. Azərbaycanın 2012-ci il üçün əfsanələr paytaxtı seçilmiş Gədəbəy rayonunda il ərzində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur».
   Gədəbəy Rayon Mədəniyyət Evinin direktoru Etibar Əliyev rayonda ilboyu keçiriləcək tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
   Sonra rayon İH başçısı Kamran Rzazadə «Azərbaycanın Əfsanələr Paytaxtı» nominasiyasının kuboku və diplomunu rayon mədəniyyət və turizm şöbəsinin müdiri Fazilə Məmmədovaya təqdim edib. Tədbir iştirakçıları «Gədəbəy - Azərbaycanın Əfsanələr Paytaxtı - 2012» sərgisi ilə tanış olublar. Sonda konsert proqramı təqdim edilib.
   
   Fəxriyyə Abdullayeva