Ölkəmizdə qədim insan yaşayış məskənlərindən olan Gədəbəy təbii gözəllikləri, tarixi-mədəni irs nümunələri ilə zəngindir. Keçmişimizin bir çox qatlarına şahidlik edən bu torpağın tarixi ilə bağlı çoxsaylı əfsanə və rəvayətlər var. Onları öyrənib üzə çıxarmaq həm də mədəni irsimizin bir sıra maraqlı səhifələrinə işıq salmaq deməkdir. Təsadüfi deyil ki, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları proqramı”na əsasən, Gədəbəy şəhəri 2012-ci ilin “Əfsanələr paytaxtı” elan edilib.
Tarixdən səhifələr
Gədəbəy sözünün mənası barədə müxtəlif versiyalar irəli sürülsə də, bu adın “qada” (qədim türkcədə əziz, hörmətli) və “bəy” sözlərindən yaranması üzərində daha çox dayanılır. Bəzi mənbələrdə isə sözün albanca hündürlük, ucalıq mənasını verən “keta”, dağ anlamında işlənən “bay” sözlərinin birləşməsindən yarandığı deyilir.
Ərazidəki qədim abidələr eramızdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olub. Bu sırada tunc dövrünün sonuna aid siklopik tikililəri, Böyükqala, Qalakənd qalası (XVI əsr) və Qız qalasını (IX əsr) qeyd etmək olar. Rayon ərazisində «Gədəbəy dəfinələri» adı ilə məşhurlasan, içərisində müxtəlif qiymətli əşyalar, boyunbağılar və bəzək nümunələri, gümüş sikkələr olan qədim küplər tapılıb. Bu sikkələr Səfəvi şahı Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576) zərb edilib. Qala kəndi ərazisində, yüksək yerdə tikilmiş qala möhtəşəmliyi ilə diqqət çəkir. Tikilinin xalq qəhrəmanı Koroğlunun istinadgahlarından biri olduğu bildirilir.
Bu qala, bizim qala...
Gədəbəy rayonu tarixi və arxeoloji abidələrlə zəngindir. Bölgəyə şöhrət gətirən təkcə təbiəti və gözəlliyi deyil, həm də bir çox qala, qalaça və körpülər, mağaralar, kilsə və məbədləridir. Bunların hər birinin öz tarixi, öz taleyi var. Təəssüf ki, onlardan bir hissəsinin adları vaxtilə dövlət tərəfindən mühafizə olunan abidələr siyahısına salınmayıb. İndi Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsi bunları dəqiqləşdirərək müvafiq təşkilatlar qarşısında məsələ qaldırıb. Rayonda 1 dünya, 81 ədəd ölkə və 24 ədəd yerli əhəmiyyətli abidə qeydə alınıb. Dağlar diyarının hər guşəsində qala və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr diqqəti cəlb edir. Koroğlu qalası, Cənnətqala, Qız qalası, Zəngi qala... Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarı olmaqla özündə əfsanələr yaşadır...
Söyüdlü kəndindəki dünya əhəmiyyətli Böyük Qalaça nəhəng daşlardan hörülmüş uca bir qala-dağdır. Buradakı Qız qalası isə əsl möcüzədir. O da yüksək qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir sahədə yerləşir. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası beş dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. Cəm halında bu kompleks qədim şəhəri xatırladır. Gədəbəyin ən baxımlı yerlərindən biri də Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir.
Turistlər üçün cəlbedici məkan
Dağlar diyarının turizm üçün çox münbit şəraiti var. Ona görə də bu yerlər həmişə qonaq-qaralı olur. Xüsusən yay aylarında bura gəlib-gedən çox olur. Rayonun Mədəniyyət evinin direktoru Etibar Əliyev deyir ki, bölgədə həm yay, həm qış turizminin inkişafı üçün münbit şərait var: “Bu məsələdə vaxtilə bu yerlərdə yaşamış almanların təcrübəsi diqqəti cəlb edir. XIX əsrin ortalarında Simens qardaşları bu yerlərə gəlib çıxmışdılar. Filiz yataqları kəşf edilmiş, dağların qoynunda zavodlar tikilmiş, elektrik stansiyası inşa edilmiş, dəmir yolu xətti çəkilmiş, körpülər salınmışdı. Bütün bunlarla yanaşı, uzaq elli sahibkarlar bu səfalı guşədə qış turizminin inkişafı üçün də xeyli iş görmüşdülər. Burada xizək, konki yarışları, hokkey oyunları keçirilib”.
“Əfsanələr paytaxtı” ili çərçivəsində keçiriləcək tədbirlərdə bu mövzuya da yer veriləcək: “Əslində bu özü bir geniş mövzudur. Nəzərə alsaq ki, hələ XIX əsrin sonlarında Gədəbəydə yay və qış turizm növlərinin mövcudluğu faktlarla təsdiq edilmişdir, onda turizmin Gədəbəy üçün nə demək olduğu daha qabarıq aydın olar”.
Yeri gəlmişkən, bu il rayondakı turizm marşrutları üzrə gəzintilərin təşkili, “Turizm” muzeyinin geniş tərtibatda sərgisinin təşkil edilməsi, turizmlə bağlı elmi-praktik konfransın keçirilməsi planlaşdırılır.
Zəngin tədbirlər proqramı
Gədəbəydə “Əfsanələr paytaxtı” tədbirlərinə start verilib. Aprelin əvvəlində rayon mərkəzində keçirilən təqdimat mərasimində «Arxeoloji əfsanələr», «Memarlıq əfsanələri», «Turizm əfsanələri», «Siemens əfsanələri», «Saz - söz əfsanələri», «Əfsanə həmyerlilər» və «Qəhrəmanlıq əfsanələri» bölmələrində rayonun tarix və mədəniyyətini əks etdirən 500-dək fotoşəkil, müxtəlif illərdə mətbuat səhifələrində dərc olunmuş yazılar, kitablar nümayiş etdirilib.
Mədəniyyət və turizm şöbəsinin müdiri Fazilə Məmmədova Gədəbəyin “Əfsanələr paytaxtı” statusunu qazanmasını rayon üçün əlamətdar hadisə hesab edir. Bununla bağlı hazırlanan təbirlər planı ilboyu davam edəcək. Gədəbəy aşıqları ilə tanınan bölgədir. İl ərzində “Dastan günü”, “Ədəbi-bədii məqamlar”, “Gədəbəy mətbuatda” adlı elmi-praktik konfrans və tədbirlər keçiriləcək, saz və instrumental musiqi nümunələrindən ibarət konsert hazırlanacaq. Plana əsasən “Gədəbəylə bağlı əfsanələr şagirdlərin bilgilərində” devizi ilə musiqi məktəbi şagirdləri arasında müsabiqə təşkil edilməsi də nəzərdə tutulur.
Şifahi xalq yaradıcılığı ilə bağlı tədbirlərə də geniş yer veriləcək. Aşıq İslamın rəhbərliyi ilə dastan gününün keçirilməsi, “Şəlalə” ədəbi məclisinin təşkil edilməsi, Gədəbəy rayonunun Azərbaycan aşıq sənətində önəmli rolundan bəhs edən elmi-praktik konfransın təşkili nəzərdə tutulan tədbirlər sırasındadır. Bu il “Əfsanələr paytaxtı”nda bir sıra maraqlı incəsənət tədbirləri də baş tutacaq. “Dağın yazı - aşığın sazı” ədəbi-bədii kompozisiyasının təqdimatı, “Xalq aşığı”, “Sudaruşka” ansambllarının konsertləri olacaq. Gədəbəyin mədəniyyəti, tarixi və turizmi ilə bağlı telefilmin çəkilməsi də planlaşdırılır.
Ceyhun Zərbəliyev