Mayın 4-də Qazax rayon mədəniyyət evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və gənclər” adlı dəyirmi masa keçirildi.
   
   Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Fərman Nağdalıyev, YAP Qazax rayon şöbəsinin sədri Həmid Pənahov ulu öndərin dövlətçilik fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş mətin dövlət xadimi, xalqını hədsiz sevən qüdrətli şəxsiyyətdir.
   Mərkəzi kitabxananın direktoru Solmaz Babanlı, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Müəllimlər İnstitutunun Qazax filialının və Sosial-İqtisadi Kollecinin tələbələri çıxışlarında Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxarmış, ölkənin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətin əbədi ümumxalq məhəbbəti qazandığını bildiriblər.
   Həmin gün Qazax Rayon Mərkəzi Kitabxanasının oxu zalında böyük öndərə həsr olunmuş şeir gecəsi keçirilib. Kitabxananın direktoru S.Babanlı ümummilli liderin zəngin və mənalı həyat yolunu şərəfli bir tarix kimi xarakterizə edib. Xidmət şöbəsinin böyük kitabxanaçısı Kəmalə Nuriyeva fenomen şəxsiyyət olan Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolu haqqında danışıb.
   RİH-in məsləhətçisi Çingiz Pənahov, mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Pəri Məmmədova, MİMHİ-nin sədri İsgəndər Qurbanov, Barxudarlı kənd orta məktəbinin müəlliməsi Afaq Bayramlı öz çıxışlarında vurğuladılar ki, Azərbaycan tarixində ən parlaq dövr Heydər Əliyevin respublikaya siyasi hakimiyyətə gəldiyi gündən başlayır. Sonra fəal oxucuların ifasında ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.