Şərur rayonunun Yuxarı Daşarx kəndində uşaq musiqi məktəbi üçün yeni bina istifadəyə verilib. Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov tədris ocağının müəllim və şagird heyətini təbrik edib. Qeyd olunub ki, yaradılan şərait, mövcud olan imkanlar yeni uğurlar qazanılmasına, məktəbin rayonun mədəni həyatında fəal iştirakına imkan verəcək. Sonra məktəbin şagirdləri tədbir iştirakçıları qarşısında maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
   Qeyd edək ki, Yuxarı Daşarx kəndində uşaq musiqi məktəbi 1992-ci ildə yaradılsa da, özünün binası olmayıb. Məktəbdə Aşağı Daşarx, Dərəkənd, Oğuzkənd, Siyaqut, Kosacan kəndlərindən olan uşaqlar musiqi təhsili alır. 160 şagirdin musiqi təhsili ilə 25 müəllim məşğul olduğu məktəbdə fortepiano, xalq çalğı alətləri, nəfəs və zərb alətləri, nəzəri dərslər sinifləri var.
   
   Ceyhun