Son illər kitabın həyatımızda, insanların intellektual səviyyəsinin yüksəlməsində mühüm rolu nəzərə alınaraq yeni ədəbiyyatların nəşri və təbliğinə diqqət daha da artıb. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və rayon (şəhər) mərkəzi kitabxana sistemlərinin təşkilatçılığı ilə bölgələrdə gerçəkləşən ənənəvi “kitab bayramları” da bu məqsədə xidmət edir. Bu il də bu tədbirlər rəngli görüntülərlə yadda qalır.
Şabran
Şabran rayon mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar keçirilmiş “Kitab bayramı” iştirakçıları ilk olaraq ölkə Prezidentinin sərəncamına əsasən çap olunmuş latın qrafikalı yeni nəşrlər - “Dünya ədəbiyyatı kitabxanası” seriyasından ibarət kitab sərgisi ilə tanış olmuşlar.
MKS-in direktoru S.Məcidova milli sərvətimiz olan kitabın qorunub saxlanaraq gələcək nəsillərə çatdırılmasında kitabxanaların əhəmiyyətindən, son illər rayonda kitabxana işinin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərdən danışıb.
Bayram münasibətilə iştirakçıları təbrik edən Şabran Rayon İcra Hakimiyyətinin məsul işçisi M.Quliyeva kitabsız inkişafdan və mədəniyyətdən danışmağın mümkünsüz olduğunu deyib. Qeyd olunub ki, 2012-ci ilin “Kitabxanalar ili” elan edildiyi Şabran şəhərində “Kitab evi”nin açılması kitab həvəskarlarına böyük töhfədir.
Tədbirdə çıxış edənlər yeniyetmə və gənclərin internet vasitəsilə biliklər əldə etmələrinə baxmayaraq, onların kitaba tələbatından da söz açıblar. “Şabran” ədəbi məclisinin üzvü Ə.Zeynaloğlu yeni işıq üzü görmüş şeirlər kitabı haqqında məlumat verib, ulu öndərə, dövlətçiliyə həsr etdiyi şeirlərini oxuyub.
Tədbir “Şabran” instrumental ansamblının rəngarəng konsert proqramı, məktəb şagirdlərinin və kiçikyaşlı oxucuların ifasında səhnələşdirilmiş tamaşalarla davam edib. Sonda istedadlı yeniyetmə və gənclərin rəsm əsərləri və əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Göyçay
Güllü-çiçəkli may günündə Göyçay şəhəri M.Ə.Sabir adına Rayon Mərkəzi Kitabxanası Heydər Əliyev prospekti boyunca parkda “Kitab bayramı” təşkil edib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini R.Rəcəbova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri S.Şükürov, MKS müdiri R.Balayeva ölkə Prezidentinin mədəniyyətə, kitabxanalara göstərdiyi diqqət və qayğıdan danışaraq, kitabın insan həyatındakı rolundan və gənclərin kitaba marağının artırılması yollarından bəhs ediblər.
Qeyd olunub ki, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq rayon mərkəzi kitabxana sisteminin yeni saytı yaradılıb. 2012-ci ilin Göyçayda “Kitabxana ili” elan edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
“Müstəqil Azərbaycan dövlətinin memarı”, “Yeni latın qrafikalı kitablar”, “2012-ci il İdman ilidir”, “Uşaq ədəbiyyatı”, “M.F.Axundzadənin 200 illiyi” və s. mövzuda kitab və digər nəşrlər iştirakçılara təqdim olunub. Kitabxana işçilərinin əl işlərindən ibarət “Bacarıqlı əllər” adlı sərgi də böyük maraq doğurub.
Tədbirdə kitab haqqında görkəmli şəxsiyyətlərin fikirləri və kəlamları səsləndirilib, məktəblilərin ifasında maraqlı səhnəciklər göstərilib, mahnı və şeirlər oxunub. Tədbir R.Rza adına rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Qusar
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qusar rayon MKS-in təşkilatçılığı və ilə rayon mərkəzindəki N.Nərimanov adına Mədəniyyət və İstirahət Parkında “Kitab bayramı” keçirilib. Tədbiri MKS-in direktoru Zahir Mustafayev açıb. Mədəniyyət və turizm şöbəsinin müdiri David İbrahimxəlilov, təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev, M.F.Axundzadə adına Milli Kitabxananın metodiki təminat şöbəsinin müdiri Adilə Abdullayeva və digərləri çıxış edərək, belə tədbirlərin mühüm əhəmiyyətindən danışıblar.
Tədbir iştirakçıları və qonaqlar əhatəli və müxtəlif mövzulara həsr olunmuş kitab sərgisi ilə tanış olublar. 2300-dən artıq kitab, jurnal və digər informasiya vasitələri iştirakçılara təqdim edilib.
Rayonun idarə və təşkilatlarının, təhsil və mədəniyyət müəssisələrinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir rəngarəng konsert proqramı ilə yekunlaşıb.