Bu il mayın 7-də baş vermiş zəlzələ Zaqatala rayonunda minlərlə evin dağılmasına və ya yaşamaq üçün yararsız hala düşməsinə səbəb oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da bölgəyə gələrək təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər barədə tapşırıqlar verdi. Həyat tədricən öz axarına düşdü. Əhali dövlət qayğısı ilə əhatə olundu. Zəlzələ nəticəsində dağılmış ev və tikililərin yerində yeniləri inşa olunur.
Fəaliyyət göstərdiyimiz Çobankol kənd mədəniyyət evi də zəlzələ nəticəsində yararsız hala düşüb. Bununla belə, mədəniyyət evinin kollektivi olaraq öz işimizi, məsuliyyətimizi dərk edərək əhaliyə səyyar mədəni xidmət göstəririk. 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar əlavə iş planı hazırlamışıq. Kənddə idmanın inkişafı üçün mümkün olan vasitələrdən səmərəli istifadə edirik. İctimai əsaslarla gənc idmansevərlər klubu yaratmışıq. Klubda voleybol, futbol, stolüstü oyunlardan şahmat, dama, nərd kimi oyunlar təşkil edilir. Bəzi idman növləri üzrə qonşu kəndlər - Qımır, Bazar sakinləri arasında yarışlar keçirilir. Mədəniyyət evində ictimai əsaslarla üç klub fəaliyyət göstərir: gənc rəssamlar klubu, həvəskar səyahətçilər klubu və gənc idmançılar klubu. Bu ilin axırınadək əlavə olaraq gənc təbiəti sevərlər klubu yaratmaq niyyətindəyik.
Şuay Xəlilov,
Zaqatala rayonu Çobankol kənd mədəniyyət evinin bədii rəhbəri