Gəncə Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrlə əlaqədar tədbirlər planı şəhər ziyalılarının, nizamişünas alimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə edilib.
   
   Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dahi şairin yubileyinə hazırlıqla bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
   Yubileylə əlaqədar təşkil olunmuş komissiyanın sədri, AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyevin komissiyanın gördüyü işlərə dair hesabatı dinlənilib.
   Bildirilib ki, tədbirlər planı əsasında Gəncə Regional Elmi Mərkəzinin nəzdində Nizami şöbəsi yaradılıb, Nizami irsinin təbliği ilə əlaqədar verilişlər hazırlanıb, ingilis və rus dillərində bukletlər çap olunub. Şairin “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “Sirlər xəzinəsi” əsərləri yenidən Azərbaycan dilinə tərcümə edilərək nəfis şəkildə nəşr olunub. Samir Pişnamazzadənin “Nizami məqbərəsinin tarixi” və Sevda Qurbanəliyevanın “Nizami Gəncəvi və musiqi” kitabları çapdan çıxıb. Hazırda Nizami Gəncəvinin sözlərinə yazılmış musiqilərdən ibarət kompakt diskin hazırlanması üzərində iş aparılır.
   Dahi şairin dünyanın bir çox ölkələrində saxlanılan əlyazmalarının surətinin Gəncəyə gətirilməsi sahəsində də müəyyən iş görülüb. Böyük Britaniya, Almaniya, Avstriya, Rusiya, Fransa və s. ölkələrin muzeylərindən gətirilmiş əlyazmaların nümayiş etdirilməsi üçün inşası başa çatmaqda olan Nizami muzeyində guşə yaradılır.
   Dövlət başçısının diqqət və qayğısı sayəsində dahi söz ustasının məqbərəsi də əsaslı şəkildə təmir edilib. Hazırda ərazidə abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir.
   Müzakirələrdə Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, şəhərin baş rəssamı Şərif Şərifov, təhsil idarəsinin rəisi Zakir Hüseynov, Gəncə Dövlət Universitetinin kafedra müdiri Sevda Qurbanəliyeva, nizamişünas alimlər Xəlil Yusifli, Süsənbər Məmmədova və başqaları çıxış edərək dünya poeziyasının günəşi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar görülən işlərdən danışıb, sentyabrın üçüncü ongünlüyündə keçiriləcək yubiley tədbirləri ilə əlaqədar təkliflərini bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar