Azərbaycanın görkəmli mütəfəkkiri, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin 13 aprel 2010-cu il tarixli sərəncamına uyğun olaraq Astaranın mədəniyyət müəssisələrində silsilə tədbirlər təşkil edilir.
Noyabrın 22-də rayon Mərkəzi kitabxanasında keçirilən tədbir də bu qəbildən idi.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov tədbirdə çıxış edərək Mirzə Fətəli Axundzadənin yaradıcılığından söz açıb. Qeyd olunub ki, ədibin milli dramaturgiyamıza bəxş etdiyi ölməz əsərlər bu gün də öz müasirliyini saxlayır, teatrlarımızın repertuarında daimi yer tutur.
Astara şəhər 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyevanın böyük mütəfəkkirin həyatı və yaradıcılığı barədə məruzəsi dinlənilib. Astara Pedaqoji Kollecinin dil-ədəbiyyat müəllimi Xalid Məmmədov, MKS-nin əməkdaşı Nərgiz Məhərrəmova və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Tədbir iştirakçıları kitabxanada M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar hazırlanmış xüsusi guşə ilə də tanış olublar.
Natəvan Mədətzadə,
Astara Rayon Mərkəzi Kitabxanasının əməkdaşı