Son illərdə nəşriyyat işinin inkişafı göz qabağındadır. Bu nəşrlər bolluğunda seçilmək çox çətindir. Yeni işıq üzü görmüş “Quba və qubalılar” kitabı bu baxımdan məzmun və mahiyyətinə görə seçilir.
   
   Filologiya elmləri namizədi Esmira Fuadın “Gülüstani-İrəmdi Quba - Qübbə torpağı” ön sözü və “Şahdağın qoynuna sığınmış Quba” sərlövhəsi ilə başlanan kitabda rayon haqqında qısa demoqrafik məlumatdan sonra Azərbaycan Respublikası Prezidentinin Qubanın sosial-iqtisadi inkişafı üçün imzaladığı sərəncamlar verilib.
   Ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Qubaya səfərlərini əks etdirən materialları rəngli fotoşəkillər müşayiət edir. Tarix elmləri doktoru Şahin Fazilin “Quba tarixi” kitabından edilmiş çıxarışda Qubanın tarixi, adının etimologiyası və müxtəlif dövrlərdə bölgədə baş vermiş əhəmiyyətli və mühüm siyasi hadisələr haqqında məlumat əksini tapıb.
   “Qubanın tarixi-memarlıq və təbiət abidələri” bölməsindəki maraqlı məlumatları rəngli fotoşəkillər daha da rövnəqləndirib. “Tanınmış qubalılar” və “Qubalıların fəxr etdiyi şəxsiyyətlər” bölmələri də oxucularda dərin maraq oyadacaq. Rayon haqqında yazılmış şeirlərdən bir qismi “Quba nəğmələri” bölməsində yer alıb.
   Azərbaycan xalqının suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı müharibədə qubalılar da böyük mərdliklə vuruşublar. Bu barədə “Qubanın şəhid övladları” bölməsində söz açılır.
   Kitabı elmi nöqteyi-nəzərdən dəyərləndirən və qiymətli məlumatlarla zəngin olan bölməsi isə “Quba yazılı mənbələrdə” (biblioqrafiya) adlanır. 1587 adda ədəbiyyatı əks etdirən biblioqrafiyada Quba və qubalılar haqqında qiymətli məlumatlar toplanıb. Azərbaycan və rus dilində ədəbiyyat elm sahələri üzrə bölünüb, onlara qısa və aydın annotasiyalar yazılıb. Burada hətta Quba haqqında məlumatların əks olunduğu səhifələr də göstərilib. Bu, biblioqrafik göstəricinin necə dəqiqliklə işlənməsinə sübutdur. Məlumatlardan istifadəni asanlaşdırmaq məqsədilə müəlliflərin və sərlövhələrin əlifba göstəriciləri verilib. Gərgin əmək sayəsində başa gələn 600 səhifəyə yaxın olan kitab “Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunub.
   Tədqiqatçı əməyi məsuliyyətli və çətin əməkdir. Üzərinə tarixin tozu hopmuş kitab, qəzet, jurnal bağlamalarını dönə-dönə vərəqləmək nə qədər çətindirsə, oradakı məlumatları incələmək, seçmək də o qədər böyük zəhmət tələb edir. Bu çətin və məsuliyyətli işin öhdəsindən bacarıqla gəlmiş “Quba və qubalılar” kitabının tərtibçiləri dərin hörmətə layiqdirlər.
   
   Fazil Məmmədov,
   fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar