Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbi yeni nailiyyətlər sorağında
Ölkəmizdə uşaq yaradıcılığının inkişafı daim diqqət mərkəzində saxlanılan prioritet sahələrdəndir. Dövlətimizin başçısının sərəncamları ilə onlarla uşaq və yeniyetmə Prezidentin xüsusi təqaüdünə layiq görülmüş, adları gənc istedadların “Qızıl kitabı”na daxil edilmişdir. Bu diqqət və qayğı yaradıcı gəncləri daha da həvəsləndirir, onların seçdikləri sahəyə marağını artırır.
İstedadlı uşaq və gənclərin dəstəklənməsinə yönəlmiş layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Yeniyetmələrin incəsənətə cəlb edilməsində və bədii-estetik tərbiyəsində, istedadlı gənclərin üzə çıxarılmasında, onların yaradıcılıq potensialının inkişaf etdirilməsində respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rolu böyükdür. Bu günlərdə 45 yaşını qeyd etmiş Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbi də belə təhsil ocaqlarındandır.
Bu məktəbdə ilk əvvəl fortepiano və tar ixtisasları tədris olunmuş, 1968-ci ildə qarmon, 1970-ci ildə isə kamança şöbələri açılmışdır. Musiqi məktəbi 1997-ci il dekabr ayının 2-dən böyük sənətkarımız Bülbülün adını daşıyır. Bu ad təhsil ocağına unudulmaz sənət fədaisinin 100 illik və musiqi məktəbinin 30 illik yubileyi münasibətilə verilmişdir.
Hazırda məktəbdə ikinövbəli sistem üzrə xalq çalğı alətləri və fortepiano şöbələrində təhsil alan şagirdlərin sayı 284 nəfərdir. Məktəbdə qarmon, tar, fortepiano, xanəndə və xor ixtisasları üzrə dərslər tədris edilir. Tədris ocağının direktoru Hacı Kamal Gülüşovla söhbət zamanı bildirdi ki, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Ötən il məktəb müasir avadanlıqlarla təmin edilmiş, yeni musiqi alətləri və kompyuterlər alınmış və internet şəbəkəsinə qoşulmuşdur.
Məktəbdə çalışan təcrübəli müəllimlərdən Ramella İsmayılova, Tutu Mirzəyeva, Pərvanə Həsənova, Sərvanə Qəhrəmanova, Aynurə Əliyeva, Şəbnəm Ələkbərova, Günay Qədirova, İdayət Kazımov, Mirdamət Qiyasov, Sərhəd Muradov və Ramiz Soltanov şagirdlərin əhatəli musiqi təhsili almaları üçün bütün bacarıqlarını sərf edirlər.
Musiqi məktəbinin yetirmələri respublika miqyaslı müsabiqələrdə fəal iştirak edərək müəllimlərinin ümidlərini doğrultmuş, təhsil aldıqları məktəbə diplom və fəxri fərmanlarla qayıtmışlar. Musa Zeynalov Astara şəhərində keçirilən respublika müsabiqəsində və 3-cü uşaq folklor müsabiqəsində final mərhələyə vəsiqə qazanmış, Bakı şəhərində keçirilən final mərhələsində uğurla çıxış edərək diploma layiq görülmüşdür. 2004-cü ildə respublika üzrə təşkil olunmuş 4-cü uşaq folklor müsabiqəsində məktəbin şagirdi Kənan Heydərov gümüş medal və UNİSEF-in diplomuna, Üzeyir Ağayev və Ədalət Qanbayev UNİSEF-in diplomlarına layiq görülmüşlər.
Məktəbin şagirdləri muğam müsabiqələrində də uğurla çıxış edirlər. 2006-cı ildə Astarada keçirilən uşaq muğam müsabiqəsində 247 nəfər iştirakçı arasında məktəbin yetirməsi Aydın Hüseynzadənin ifaçılıq məharəti diplomla qiymətləndirilmişdir. Vüsal Quliyev isə müsabiqənin fəxri fərmanına layiq görülmüşdür. 2010-cu ildə Astara şəhərində keçirilən uşaq muğam ifaçılarının V respublika müsabiqəsində məktəbin digər şagirdi Allahqulu Ağayev diplomla təltif olunmuşdur. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin Bərdə şəhərində keçirdiyi “İstedadlı uşaqlar” respublika müsabiqəsində məktəbin tar ixtisası üzrə şagirdi Anar Rzayev uğurlu çıxışına görə diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində bu fənnin tədris səviyyəsinin yüksəldilməsi, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə hər il uşaq xor kollektivlərinin respublika müsabiqələri və baxışları keçirilir. Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbində də bu sahəyə xüsusi diqqət yetirilir. 2009-cu ildə Şirvan şəhərində keçirilən uşaq xor kollektivlərinin VI respublika müsabiqəsində məktəbin xor kollektivi fəxri fərmanla təltif edilmişdir. Bir il sonra Mədəniyyət və Turizm Nazirliyinin Kürdəmir şəhərində keçirdiyi belə bir müsabiqədə məktəbin xanəndəlik ixtisası üzrə şagirdi Allahqulu Ağayev uğurla çıxış edərək diplom və qiymətli hədiyyə ilə təltif edilmişdir.
Musiqi məktəbinin “Səda” ansamblının fəaliyyəti barədə ayrıca söhbət açmağa dəyər. 1998-ci ildə yaradılan ansambl rayondakı qaçqın düşərgələrində, ümumtəhsil məktəblərində, Beyləqan rayonundakı N saylı hərbi hissələrdə, hərbi hospitalda, müharibə veteranları, geniş ictimaiyyət qarşısında müxtəlif maraqlı konsert proqramları ilə çıxışlar edir, rayonun bütün ədəbi-bədii tədbirlərində rəngarəng konsert proqramları ilə tamaşaçıların rəğbətini qazanırlar. Məhz belə səmərəli fəaliyyətinə görə “Səda” ansamblı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanına layiq görülüb.
Məktəbdə mütəmadi olaraq milli mədəniyyət və incəsənətimizin görkəmli simalarının həyat və yaradıcılığına dair tədbirlər keçirilir. Ötən il tədris ocağında Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq və musiqişünas alim, SSRİ Xalq artisti, professor Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, ölməz sənətkarlarımız Fikrət Əmirov və Şövkət Ələkbərovanın 90 illik yubileyləri qeyd edilmişdir.
Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbinin kollektivi daha böyük nailiyyətlər qazanmaq üçün öz işini günün tələbləri səviyyəsində qurur, Azərbaycan mədəniyyətinin, milli musiqimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün bütün imkanlardan bacarıqla istifadə edir.
Əliqismət Bədəlov