Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin birinci yarımili üçün iş planına əsasən cari ilin mart ayında qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı bölgələrdə Novruz bayramına həsr edilmiş tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bu tədbirlərdən biri martın 12-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində təşkil olunub.
Tədbiri Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov açaraq iştirakçıları qarşıdan gələn bayram münasibətilə təbrik edib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan tədbiri yüksək qiymətləndirən A.Səlimov növbəti ildə belə bayramların işğaldan azad olunmuş torpaqlarda keçirilməsini arzulayıb.
Sonra söz incəsənət ustalarına verilib. Xalq artistləri - tanınmış xanəndə Canəli Əkbərov, rəqqasə Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, aktrisa Naibə Allahverdiyeva, müğənnilərdən Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının solisti Rövşən Əziz, Rəhilə Quliyeva, Valid Abdullayev, Ramin Quliyev maraqlı proqramla çıxış ediblər. Musiqiçiləri tarda Altay Niftəliyev, kamançada Araz Ağaverdiyev müşayiət edib.
Konsertin aparıcısı, qiraət ustası, Əməkdar artist Azad Şükürov vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirib.
Sonra Novruz personajları maraqlı səhnəciklər təqdim ediblər. Atlıların iştirakı ilə meydana məşəl gətirilərək Dədə Qorqudun xeyir-duası ilə tonqal yandırılıb. “Laçın” instrumental ansamblının ifaları da alqışlarla qarşılanıb.
Qeyd edək ki, tədbirlərin keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində qaçqın və məcburi köçkünlərin asudə vaxtının səmərəli təşkilinin təmin olunması və onlara göstərilən mədəni xidməti daha da gücləndirməkdir.
Növbəti bayram konserti martın 13-də Goranboy rayonunda təşkil olunacaq.
Ceyhun