Xızıdakı Heydər Əliyev Mərkəzində ümummilli liderin 90 illik yubileyi münasibətilə Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının audio formatında hazırlanmış variantının təqdimatı keçirilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə keçirilən mərasimdə qeyd olunub ki, poemanın audio formatında variantı “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində hazırlanıb.
   Layihənin rəhbəri Gəray Əlibəyov bildirib ki, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində görmə qabiliyyətini itirmiş, yaxud da gözləri zəifləmiş insanlar üçün müasir və klassik ədəbiyyat nümunələri audio formatda buraxılır. Müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə əsərlərin audio halında yayılması olduqca vacibdir. O, “Əbədiyyət dastanı” audio diskinin ölkənin müxtəlif kitabxanalarına, mədəniyyət ocaqlarına təqdim ediləcəyini deyib.
   Tədbirdə Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığından söhbət açılıb, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Əbədiyyət dastanı” poeması haqqında ətraflı məlumat verilib. Əsər tanınmış aktyor heyəti tərəfindən səsləndirilib.