Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı ölkəmizin digər bölgələrində olduğu kimi, Qax rayonunun mədəniyyət müəssisələrində də tədbirlər davam etməkdədir. Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masaya rayon veteranları, məktəblilər və gənclər dəvət olunmuşdular.
   “Tarixin Heydər Əliyev zirvəsi” adlı tədbiri mərkəzin direktoru N.Omarova açaraq ulu öndərin dövlətçilik fəaliyyəti, xalqın yaddaşında əbədi yaşayan tarixi xidmətlərindən danışdı.
   Tədbirdə çıxış edən veteranlar ümummilli liderlə bağlı xatirələrini dilə gətirdi, onun irsinin bugünkü gənclər üçün örnək olduğunu vurğuladılar. Gənclər də öz növbəsində dahi rəhbərin gənc nəslin inkişafına diqqət və qayğısından danışaraq bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini razılıqla bildirdilər.
   S.Vurğun adına rayon Mədəniyyət evinin özfəaliyyət kollektivləri tərəfindən ulu öndərə həsr olunmuş musiqi və bədii qiraət nümunələrinin səsləndirilməsi tədbirə bir ahəng verdi. Sonda veteranlara Heydər Əliyev Mərkəzinin rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim edildi.
   
   Dilarə Əzizova,
   Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru