Aprelin 26-da Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsi və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.
   
   Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçiləri Pəri Məmmədova, Nailə Əliyeva, Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsal, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov dahi rəhbərin Azərbaycan mədəniyyətinin qorunub-saxlanılması, inkişaf etdirilməsi naminə gördüyü işlərdən söhbət açıb, böyük öndərin əvəzsiz xidmətlərindən bəhs ediblər.
   Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraq ulu öndərə həsr olunmuş digər tədbirlər də keçirilib. Aprelin 24-də 1 və 2 saylı musiqi məktəblərində ümummilli liderin yubileyi ilə bağlı musiqi müsabiqələri keçirilib, müsabiqədə fərqlənən yeddi şagird Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılıb.
   Aprelin 26-da isə Qazax Dövlət Rəsm Qalereyasında gənc və yeniyetmə rəssamların ulu öndərin 90 illik yubileyi ilə əlaqədar rəsm əsərlərindən ibarət, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində isə “Böyük ömrün anları” başlığı altında sərgilər təşkil olunub.