Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa və “Kala Axsibay” bayramlarını təntənə ilə qeyd ediblər. Mayın 5-də Nic qəsəbəsindəki “Cotari” alban kilsəsində təşkil olunan mərasimdə alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər.
   Çıxışlarda Azərbaycanda zəngin mədəni irsin qorunub saxlanılması yüksək qiymətləndirilib, Nic kilsəsinin bərpasının xalqımızın tolerantlığına gözəl nümunə olduğu qeyd edilib. Kilsədə şamlar yandırılıb, dualar oxunub.
   Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udin xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub. Bayram tədbirində udin xalqının qədim ənənəsi canlanıb, udin dilində ifa olunan mahnılar, müxtəlif yemək və şirniyyatlarla bəzədilmiş süfrələr iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
   “Cotari“ alban kilsəsi Qəbələ rayonunun Nic qəsəbəsində tarixi baxımdan ən əhəmiyyətli abidələrdən biridir. İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilən kilsə Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub.
   Bu gün Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Qəsəbədə üç kilsə, iki məscid var. Altı min əhalisi olan kənddə 3700 udin yaşayır. Udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.