Mayın 13-də Oğuz rayon Mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab bayramı keçirildi. Tədbirdə rayonun idarə və təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak edirdi. Mədəniyyət və turizm şöbəsinin müdiri U.Baxışova, Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Daşdəmirov, MKS-nin direktoru S.Mikayılova, fəal oxuculardan Mübariz Orucov və başqaları kitab bayramının mahiyyətindən, böyük öndərin Azərbaycanın yeni tarixində misilsiz xidmətlərindən söz açdılar, Heydər Əliyev dühasının ölkəmiz üçün nə qədər əziz olduğunu vurğuladılar.
Tədbirdə E.Abdullayev adına şəhər 2 saylı orta məktəbin VI b sinif şagirdlərinin “O mənim xalqımın şah vüqarıdır” mövzulu kompozisiyası, uşaq musiqi məktəbinin şagirdlərinin çıxışları maraqla qarşılandı. Kitab bayramında uşaq musiqi məktəbinin, mədəniyyət evinin, uşaq yaradıcılıq birliyinin, tarix-diyarşünaslıq muzeyinin kollektivləri yaxından iştirak etdilər. Tədbirdə 11 bölmə üzrə 1200-dən çox kitab nümayiş olundu.
Sonda fərqlənən iştirakçılara mədəniyyət və turizm şöbəsinin hədiyyələri, Mərkəzi kitabxananın bir qrup işçisinə fəxri fərmanlar təqdim edildi.
Qəsidə Hüseynova,
Oğuz rayon Mərkəzi kitabxanasının şöbə müdiri