Noyabrın 20-də Parisdə UNESCO Baş Konfransının 37-ci sessiyası işini başa vurub. Sessiyanın sonuncu günü qurum tərəfindən 2014-2015-ci illərdə qeyd ediləcək yubileylərin siyahısı təsdiq edilib.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyindən bildirilib ki, siyahıda Azərbaycan tərəfindən bu siyahıya təqdim edilən yubileylər də yer alıb. UNESCO-nun 2014-2015-ci illərdə qeyd ediləcək yubileylər siyahısına Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi, orta əsrlərin tanınmış alimi və mütəfəkkiri Əhməd əl-Bərdəyinin vəfatının 1100 illiyi, eləcə də Azərbaycan, İran, Türkiyə və Tacikistanın birgə təqdimatında görkəmli musiqişünas alim Əbdülqədir Marağayinin “Ma-qasid əl-Əlhan” əsərinin 600 illiyi daxil edilib. Beləliklə, UNESCO Azərbaycanın görkəmli şəxslərinin yubileylərinin beynəlxalq səviyyədə qeyd olunmasına dəstək verib.