Azərbaycanın Xalq şairi, görkəmli tərcüməçi Nigar Rəfibəyli (1913-1981) ədəbiyyatımızı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirib. Onun yaradıcılığının əsasını vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Poeziyası insanların qəlbinə çox asan və rahat yol tapır, insanı kövrəldərək ovsunlayır, onu gözəllikdən zövq almağa çağırır.
   
   Ömrü və poeziyası bütövlükdə həzin bir nəğməyə bənzəyən Nigar xanımın sözlərinə çoxlu mahnılar yazılıb. O həm də gözəl tərcümələrin müəllifidir. A.Puşkin, M.Lermontov, A.Mitskeviç, A.Axmatova, T.Şevceko, A.Sereteli və başqalarının əsərlərini Azərbaycan dilinə çevirib. Operanı çox sevən Nigar Rəfibəyli J.Bizenin “Karmen” operasının librettosunu Azərbaycan dilinə tərcümə edib. Bu əsəri 1945-ci ildə Azərbaycanın məşhur sənətkarları doğma dilimizdə ifa ediblər. İtalyan bəstəkarı Franko Monnino “Sevginin təntənəsi” kantatasında Nigar xanımın “Ayrılıq” şeirinə musiqi bəstələyib. Bu nəğmə 1981-ci ildə Moskvada beynəlxalq mahnı festivalında uğurla səsləndirilib.
   Azərbaycan ədəbiyyatında mühüm xidmətləri olan Nigar Rəfibəylinin bu il 100 illik yubileyidir. Yubileylə bağlı Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli sərəncamına uyğun olaraq Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi ilə birlikdə “Poeziyamızın Nigarı” adlı oxucu konfransı keçirdi. Tədbiri regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nigar Rəfibəylinin yaradıcılığının işığına yığışanlara minnətdarlığını bildirdi. Rayon Mərkəzi kitabxanasının direktor müavini İradə Mahmudova şairənin həyat və fəaliyyəti barədə biblioqrafik təqdimatla çıxış etdi. MKS-nin direktoru Şahalı Şıxəliyev, metodika-biblioqrafiya şöbəsinin müdiri Növrəstə Qəhrəmanova, Ağsaqqallar Şurasının sədr müavini Vaqif Hacıyev, Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva, Atakişili kənd kitabxana filialının müdiri Həqiqət Məmmədova və digər çıxış edənlər Nigar Rəfibəylinin Azərbaycan ədəbiyyatında rolundan danışdılar. Tədbirdə Nigar Rəfibəylinin şeirləri, sözlərinə yazılmış mahnılar səsləndi. Sonda iştirakçılar “Nigar Rəfibəyli -100” sərgisi ilə tanış oldular.
   
   Məryəm Əliyeva,
   Kürdəmir rayon MKS-nin baş biblioqrafı