1918-ci ilin iyununda erməni-bolşevik qüvvələrinin Kürdəmirdə törətdiyi qırğınlar və Qafqaz İslam Ordusunun qurtuluş savaşı yad edilib
   
   Tarixin səhifələrini vərəqlədikcə Azərbaycan xalqının zaman-zaman qanlı faciələrlə, fəlakətlərlə üz-üzə dayandığının şahidi oluruq. 31 mart soyqırımı XX əsr tariximizin ən dəhşətli səhifələrindəndir.
   
   1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda minlərlə azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı öz torpaqlarından qovmuş, yaşayış yerlərini talan etmişlər. Həmin dövrdə erməni-bolşevik “Bakı Xalq Komissarları Sovetinin” silahlı dəstələri Kürdəmir rayonu ərazisində də qırğınlar törətmişlər.
   Tarixçi-tədqiqatçı Ağa Zeynallının “Kürdəmir faciəsi və Qafqaz İslam Ordusunun qurtuluş savaşları” kitabında bu tarixə işıq salınır, 1918-ci ilin iyun-iyul aylarında Kürdəmirdə törədilmiş soyqırımı hadisələrindən bəhs olunur.
   Qeyd edək ki, 1918-ci ildə törədilmiş soyqırımlarını araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə İstintaq Komissiyasının sənədlərində Kürdəmir qəsəbəsində törədilən faciələr də əksini tapmışdır. Kürdəmirdə törədilən qətliamla bağlı o zaman 18 fotoşəkil çəkilmişdi. Bu şəkillər Paris sülh konfransında iştirak etmək üçün Fransaya getmiş Xalq Cümhuriyyəti nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşova göndərilmişdi. Cümhuriyyətin süqutundan sonra həmin şəkillər 94 il Fransanın arxivlərində saxlanılmışdır.
   2012-ci ilin noyabrında tədqiqatçı Ağa Zeynallının xahişi ilə bu şəkillər tarixçi alim Solmaz Rüstəmovanın (Tohidi) böyük zəhməti nəticəsində əldə olunaraq Fransadan Kürdəmirə gətirilmişdir. Tarixi fotosənədlər “Kürdəmir faciəsi və Qafqaz İslam Ordusunun qurtuluş savaşları” kitabında yer almışdır.
   1918-ci ilin Kürdəmir olaylarının 95-ci ildönümü münasibətilə rayonunun Gənclər evində elmi-praktik konfrans keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Mikayılov, İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Elşən Əzizov, kitabın müəllifi Ağa Zeynallı, rayon orta məktəblərinin tarix müəllimləri, təhsil və mədəniyyət işçiləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
   Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Mikayılov qeyd etdi ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizin vaxtilə qaranlıq qalmış bir çox səhifələri işıq üzünə çıxıb. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanından sonra bu tarixin öyrənilməsi sahəsində böyük işlər görülüb, tədqiqat əsərləri, kitablar nəşr olunub. Ağa Zeynallının “Kürdəmir faciəsi və Qafqaz İslam Ordusunun qurtuluş savaşları” kitabı da qan yaddaşımızın öyrənilməsinə mühüm töhfədir. Ə.Mikayılov kitabın müəllifinə və nəşrin çapa hazırlanmasına kömək edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçilərinə minnətdarlığını bildirdi.
   Rayonun Xırdapay kənd orta məktəbinin müəllimi İnqilab Rəsulov, Kürdəmir şəhər 1, 6 və 3 saylı orta məktəblərin müəllimləri Nazilə Bünyətova, Elnurə Eminbəyli, Xəyalə Veyisova və Əsbət Musayeva Kürdəmir soyqırımı haqqında danışdılar.
   Kitabın müəllifi A.Zeynalova çıxışında 1918-ci ilin iyun-iyul aylarında Kürdəmirdə 4017 nəfər soydaşımızın qətlə yetirildiyini, 35 kəndin yerlə-yeksan olunduğunu, 56 ev və dükan, 127 şəxsi mülk, 2 məscidin yandırıldığını diqqətə çatdırdı.
   Sonda tədbir iştirakçıları “Kürdəmir faciəsi - 95” sərgisi ilə tanış oldular.
   
   Məryəm Əliyeva,
   Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş kitabxanaçısı