Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyətinin Avropa ölkələrində təbliği uğurla davam edir. Növbəti tədbirlər görkəmli şair və mütəfəkkir Məhsəti Gəncəvinin 900 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi çərçivəsində Fransanın qədim Reyms şəhərində keçirilir.
Noyabrın 28-də Reymsdə açılan sərgi tamaşaçılara ilk azərbaycanlı şairə qadının fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası, o dövrün tarixi mühiti, məişəti, geyim nümunələri haqqında təsəvvür yaratmağa xidmət edir. Şəhər merinin, bir çox senatorların iştirakı ilə açılan sərgi iki həftə davam edəcək. Sərgidə Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş batik və xalçalar, miniatürlər, şairənin ingilis və fransız dillərində nəşr olunmuş kitabları, musiqi diskləri nümayiş olunur.
Noyabrın 29-da Reymsin mərkəzi meydanında təşkil ediləcək beynəlxalq yarmarkada ölkəmiz də təmsil olunacaq. Azərbaycan pavilyonunda Reymslə qardaşlaşmış Gəncədən gətirilmiş xalçalar, şərablar, meyvələr təqdim ediləcək.
Noyabrın 30-da isə Avropanın ən tanınmış musiqi məbədlərindən sayılan Reyms Konservatoriyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək. Proqramda klassik Azərbaycan musiqisi ilə yanaşı, xalq artistləri Alim Qasımov, Azər Zeynalov, Samir Cəfərov və başqa müğənnilərin ifasında Məhsəti Gəncəvinin rübailərinə yazılmış mahnılar və şairənin fransız dilinə tərcümə olunmuş rübailəri səslənəcək.