Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Goranboy rayonu ərazisindəki Uzunrəmə kurqan çölündə tədqiqatlara başlayıb.
Göygöl-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov bildirib ki, iki kurqanda aparılan arxeoloji qazıntı zamanı onların ilk tunc dövrünə aid sərdabələr olduğu müəyyən edilib. Tədqiq olunan kurqanlardan birinin sərdabəsi iki metr hündürlükdədir, divarları gil ilə üç hissədən ibarət olmaqla, pilləli səkildə suvanıb. Divarın orta hissəsi qırmızı boya ilə rənglənib. Sərdabədə çoxsaylı insanın dəfn olunması nəzərə çarpmaqdadır.
Digər kurqan sərdabəsi gil divarlardan yerüstü hazırlanaraq ətrafı iri çay daşları ilə örtülüb. Sərdabədə bir neçə pilləli dəfnin həyata keçirilməsi güman edilir. Artıq birinci pillədə 10 insan dəfn edildiyi və ətrafında 25 saxsı qab nümunəsi qoyulması müəyyən edilib. Hələlik yalnız bir azyaşlı uşağa məxsus skelet üzərindən pasta muncuqlar aşkar edilib.
Ekspedisiyanın rəhbəri deyib ki, kurqanlar ilk tunc dövrünə aid edilməklə Kür-Araz tayfalarından fərqli mədəniyyətə malik olan mədəniyyətin daşıyıcılarıdır. Tədqiqatlar zamanı götürülən kömür nümunələri Yaponiyanın Tokio Universitetində analiz edilib. Məqsəd bir daha abidənin dövrünü dəqiqləşdirməkdir. Tokio Universitetinin laboratoriyasının “karbon 14” analizlərinə əsasən bu kurqanlar eramızdan əvvəl IV minilliyin sonuna aid edilir. Bu isə sözügedən tayfaların Kür-Araz tayfaları ilə bir dövrdə yaşadıqlarını, lakin özünəməxsus fərqli mədəniyyətə malik olduqlarını göstərir.