“Folklor paytaxtı” Zaqatalada dəyirmi masa
İyunun 20-də Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən 2013-cü ildə “Azərbaycanın Folklor Paytaxtı” elan olunmuş Zaqatalada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, AMEA Folklor İnstitutunun və rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan folkloru mədəni sərvətimizdir” mövzusunda dəyirmi masa keçirildi.
Rayon Mədəniyyət evində gerçəkləşən tədbiri Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva açaraq Zaqatalanın “Azərbaycanın Folkor Paytaxtı” elan olunmasını bölgənin mədəni həyatında mühüm hadisə kimi qiymətləndirdi və bunun Zaqatalada folklor yaradıcılığının qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində işlərə əhəmiyyətli təsir göstərəcəyini söylədi.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Səadət Dibirova çıxışında Azərbaycanın dilbər guşələrindən olan bu diyarda müxtəlif xalqların nümayəndələrinin mehriban ailə kimi yaşadığını, onların hər birinin özünə xas adət-ənənələrini qoruyub saxladığını, Azərbaycan folklor xəzinəsinə töhfələr verdiyini bildirdi.
Dəyirmi masada çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılov folklor yaradıcılığının hər bir xalqın həyatında əhəmiyyətli yer tutduğunu vurğuladı. Qeyd olundu ki, müdrik baba və nənələrimizin dilindən söylənilmiş əvəzsiz folklor nümunələri ayrı-ayrı illərdə Azərbaycanın görkəmli ziyalıları tərəfindən toplanılaraq nəşr edilib, bu gün də folklorumuzun öyrənilməsi, qorunması və təbliği sahəsində mədəniyyət müəssisələrinin qarşısında mühüm işlər durur.
Tədbirdə AMEA Folklor İnstitutunun müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Qloballaşan dünyada folklorun yeri və sosial funksiyaları”, mərasim folkloru şöbəsinin elmi işçisi Atəş Əhmədlinin “Zaqatala folklorunun daş simvolları”, Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyevanın “Tariximiz folklorumuzda yaşayır”, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının müəllimləri Əli Süleymanovun “Babalarımızın hikmət xəzinəsi”, Nəşim İsmayılovun “Zaqatala folkloru nümunələrinin tədqiqi və təbliği”, Sabir Qurbanovun “Qanıx-Həftəran vadisi yaşayış məntəqələrində folklor nümunələri”, “Zaqatala” qəzetinin müxbiri, folklorşünas Məmməd Şabanoğlunun “Folklorumuz daş səhifələrdə” mövzularında məruzələri dinlənildi. Məruzələr ətrafında çıxış edən rayon ziyalıları və mədəniyyət müəssisələrinin işçiləri mövzu ilə bağlı təkliflərini bildirdilər.
Tədbirin sonunda dəyirmi masada fəal iştirakına görə bir qrup ziyalı və mədəniyyət işçisinə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanı təqdim olundu.
Nadir Məmmədov