Dekabrın 5-də görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin vəfatının ildönümü ilə əlaqədar Monteneqronun Podqoritsa şəhərində anma mərasimi keçirilib. Ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyindən bildiriblər ki, Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin, şəhər meriya və Azərbaycan diasporunun nümayəndələri “Kral parkı”nda Hüseyn Cavidin şərəfinə ucaldılmış büstün önünə tər çiçəklər qoyaraq, xatirəsini hörmətlə yad ediblər.
Hüseyn Cavidin xatirəsinin Monteneqroda əbədiləşdirilməsi və büstünün ucaldılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən gerçəkləşdirilib. Bu il sentyabrın 11-də Monteneqronun Baş naziri Milo Cukanoviç və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirakı ilə büstün təntənəli açılış mərasimi keçirilib.