Naxçıvanda “Xaraba Gilan” arxeoloji ekspedisiyası fəaliyyətini daha da genişləndirib. Ekspedisiyasının rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidən aldığımız məlumata görə, Ordubad rayonu ərazisində yerləşən arxeoloji abidələrdə - Plovdağ yaşayış yerində, Plovdağ nekropolunda, Dəlmə qalasında və Rəsul dərəsində qazıntı işləri davam etdirilir.
Gilançayın sol sahilində yerləşən Plovdağ ərazisində 1975-1976-cı illərdə aparılan ilkin tədqiqatlar zamanı yaşayış yerinin tarixi Son Tunc və İlk Dəmir dövrlərinə aid edilirdisə, sonrakı tədqiqatlar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri əsasında burada məskunlaşmanın hələ İlk Tunc və daha qədim dövrlərdən başlandığını söyləmək mümkündür.
Dəlmə qalasında aparılan qazıntı işləri zamanı əldə edilən materialların hamısının qadınlara məxsus olduğu müəyyənləşdirilib. Bu isə belə elmi nəticəyə gəlməyə əsas verir ki, ərəb qoşunlarının hücumu zamanı qadınların təhlükəsizliyini qorumaq üçün Kiran şəhərinin hakim təbəqəsi onları burada yerləşdirib.
Ceyhun