Mədəni irsin qorunub saxlanması, təbliği və ondan səmərəli istifadənin effektli yollarından biri turizmin inkişaf etdirilməsidir
   
   Tarixi-mədəni irsi olmayan xalq kimliyi naməlum insana bənzəyir. Ulularımız gələcək nəsillərə, eləcə də dünya mədəniyyətinə zəngin miras bəxş ediblər. Əsrlərin sərt sınağından keçə-keçə, qoruna-qoruna zəmanəmizə gəlib çatmış tarixi abidələr xalqımızın mövcudluq şəhadətnaməsi kimi onun keçmiş həyat salnaməsini özündə ehtiva edir. Maddi mədəniyyət nümunələri mənsub olduğu xalqın cansız şahidləri olsa da, həmin etnosa aid bir çox dəyərlərin qorunub saxlandığı tarixi-mədəni xəzinədir. 
   
   Hazırda mədəni irsin qorunması işləri yerlərdəki mədəniyyət və turizm şöbələri, eləcə də abidələrin kompleks şəkildə yerləşdiyi ərazilərdə yaradılmış qoruqlar vasitəsilə aparılır. Lakin tarix yadigarlarının davamlı və etibarlı qorunması mexanizmi olmadığından onlarla necə rəftar olunmasında müəyyən çatışmazlıqlar müşahidə edilir. Məsələn, Qazax şəhərində yerləşən tunc dövrünə aid “Sarı təpə” adlı ölkə əhəmiyyətli arxeoloji abidənin ərazisi 1970-ci illərdə həyətyanı sahə kimi əhaliyə paylanmışdır. Rayonun İkinci Şıxlı kəndində Xram çayı üzərində yerləşən XII əsrə aid dünya əhəmiyyətli memarlıq abidəsi - “Sınıq körpü”nün üzərindən uzun illərdir ki, keçən ağır tonnajlı yük maşınlarının hərəkəti onun girəcək hissəsinin çökməsi ilə nəticələnmişdir. 2008-ci ildən qəza vəziyyətində olan bu memarlıq incisinin bərpasına ehtiyac var.
   Dünya təcrübəsi göstərir ki, mədəni irsin davamlı olaraq qorunub saxlanması, təbliği və onlardan səmərəli istifadə edilməsinin effektli üsulu ərazidə turizmin inkişaf etdirilməsidir. Çünki tarixi məkana səfər edən qonaqda bu yerin sakinləri haqqında müəyyən təsəvvürlərin formalaşmasında mədəni irs və ona münasibətin böyük rolu var. Artıq dünyanın əksər ölkələrində sözügedən problemin optimal həlli üçün bu prinsip əsas rol oynamışdır. Bu prosesdə həm mədəni irs qorunur, həm də turizm sektoru inkişaf edir.
   1989-cu ildən Qazax rayonunda fəaliyyətdə olan “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” filialına məxsus 46 abidədən 24-ü Avey dağının cənub istiqamətində yerləşir. Onların hamısı ulu əcdadlarımız albanların mövcud olduğu antik dövrə və ilk orta əsrlərə aiddir. Qafqaz Albaniyasına məxsus bu qədim irsin də dərindən öyrənilməsinə, təbliğinə ehtiyac var. Lakin Avey dağının mürəkkəb quruluşlu relyefi rahat gediş-gəlişdə çətinliklər törədir. Belə vəziyyət bizi bu məkanda xüsusi turizm marşrutunun yaradılması barədə düşünməyə sövq etməlidir. Çünki buradakı mədəni irsimiz olan alban abidələrini qorumaq və təbliği ilə məşğul olmaq bu irsin varisi kimi hər birimizin borcudur. Turizm şirkətləri də təqdim etdikləri marşrutlara belə əsrarəngiz məkanları daxil etsələr, bölgəyə marağı artırmış olarlar.
   Son zamanlar respublika ərazisində dövlət mühafizəsinə götürülmüş qədim yaşayış məskənlərində arxeoloji tədqiqat işlərinin miqyası genişlənməkdədir. Qazıntılar zamanı tapılmış çoxlu sayda maddi mədəniyyət nümunələrinin tədqiqatı ölkəmizin qədim dövr tarixinin bəzi qaranlıq səhifələrinə işıq salmaqla yanaşı, həm də muzey eksponatlarının zənginləşdirilməsinə zəmin yaradır. Qazıntı aparılan sahənin sonrakı taleyi də diqqətdə saxlanılmalı, təbii proseslərin ümidinə buraxılmamalıdır. Aşkar edilmiş mədəni təbəqəyə məxsus tikili hissələri, dulus kürəsi, ocaq yerləri, təsərrüfat quyuları, anbar yerləri, evlərin döşəmə qalıqları və s. arxeoloji turizm üçün dəyərli material ola bilər.
   Dəyərlərimizin tanıdılması və təbliği işləri də xüsusi həssaslıq tələb edir. Avey dağının cənub-şərq ətəyində yerləşən Damcılı bulağını turistlər sıradan bir təbii məkan kimi qəbul edirlər. Lakin çoxları bilmir ki, təbiətin bu möcüzəli guşəsi 1953-cü ildə aşkarlanmış paleolit dövrünə aid dünya əhəmiyyətli arxeoloji abidədir. Onlar bu maraqlı məkanın daş dövrü insanlarının yaşadığı mağara düşərgəsi olmasından xəbərsizdirlər. Turistləri bu tarixi abidə barədə məlumatlandırmaq olduqca vacibdir. Mağara düşərgənin mədəni təbəqələrindən tapılmış çoxsaylı maddi mədəniyyət nümunələri ərazidə ibtidai insanların yaşamasını və bu məkanın ən qədim sivilizasiya mərkəzlərindən biri olmasını təsdiqləyir. Bu mənada bölgələrdəki maddi mədəniyyət yadigarları, təbiət abidələri haqqında Azərbaycan dili ilə yanaşı, bir neçə əcnəbi dildə informasiyalar tərtib olunarsa, xarici turistlərin məlumatlandırılmasına kömək edər.
   Avey dağında asanlıqla yonula bilən əhəng qayalıqları müxtəlif tətbiqi sənət nümunələrinin hazırlanması üçün də əsl xammaldır. Bu tarixi məkanın təbliği vasitəsi kimi Neandertal tipli ibtidai insanın müxtəlif pozalarda (ocaq qalayan, ov edən, pusquda duran və s.) fiqurlarından istifadə etmək mümkündür. Həmin materialları yerindəcə yonub istənilən şəklə salmaq, müxtəlif suvenir və bukletlərin satışını təşkil etmək olar.
   İndi biz informasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bununla bağlı bir çox innovativ proseslərin sistemli tətbiqi ölkəmizdə arxeoloji abidələrin xəritəsini tərtib etməyə imkan verir. Belə xəritələr ölkə ərazisindəki maddi mədəniyyət nümunələri ilə maraqlanan turistlərin, tədqiqatçıların işinə yardımçı ola bilər, o cümlədən bu sahədə təsadüf olunan bəzi mübahisəli məsələlərin tezliklə həllinə kömək edər.
   
   Nofəl Qurbanov,
   Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar