Oktyabrın 19-da Quba şəhərində “Alma bayramı” keçirilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunmuş tədbirdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin əməkdaşı Rəşad Əliyev, Milli Məclisin deputatları, Quba rayon rəhbərliyi, ziyalılar, Azərbaycandan kənarda yaşayan qubalı iş adamları, xarici ölkələrdən qonaqlar iştirak ediblər. Bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri və diplomatik nümayəndələri tədbirə ailə üzvləri ilə birgə qatılıblar.
Ardıcıl ikinci ildir ki, keçirilən bayram tədbirinə ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanılıb.
Sonra çaparlar meydan boyunca yürüş keçiriblər. Rayonda yaşayan azsaylı xalqların nümayəndələri milli geyimlərdə qonaqları salamlayıblar. Qubada yetişdirilən alma növlərinin nümayiş olunduğu avtomobillərin paradı da maraqla qarşılanıb.
Tədbirdə 6 hektar ərazidə milli adət-ənənələrimizi əks etdirən “Qədim Quba” adlı kompozisiya nümayiş etdirilib, iştirakçılara almadan hazırlanmış müxtəlif şirniyyatlar, kokteyl və içkilər təqdim olunub. Rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər əcnəbilərin diqqətini daha çox cəlb edib.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn bayramdan məmnun qaldığını bildirərək deyib: “Quba almasının dadına baxmaq imkanı qazandım və çox bəyəndim. Olduqca dadlıdır. Rayonda möhtəşəm bayram əhval-ruhiyyəsi var”.
Milli Məclisin deputatı Vahid Əhmədov isə ikinci ildir keçirilən “Alma bayramı”nın meyvəçiliyin təbliğində xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, alma Qubanın simvoludur. Bu bayram həm də almanın satışı üçün yeni bazarların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Bu təkcə qubalıların deyil, həm də bütövlükdə alma yetişdirənlərin, bu meyvədən yararlananların bayramıdır”.
Bayram tədbirinə yeni istifadəyə verilmiş Yaşıl Teatrın səhnəsində incəsənət ustalarının konsert proqramı ilə yekun vurulub.