Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində 2013-cü ildə “Azərbaycanın Əfsanələr Paytaxtı” elan edilmiş Xaçmazda dəyirmi masa keçirilib. “Əfsanələr şəhəri” mövzusunda tədbiri Xaçmaz Rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov açıb. Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mədəni irs şöbəsinin müdiri Cabbar Süleymanov və Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul işçisi Yaqut Məhsimova çıxış edib.
Dəyirmi masada AMEA-nın Folklor İnstitutunun mərasim folkloru şöbəsinin böyük elmi işçisi Atəş Əhmədlinin “Əfsanələrdə yaşayan tariximiz”, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aqil Əlisultanovun “Tarixi keçmişini yaşadan “Əfsanələr Paytaxtı” və rayon Mədəniyyət mərkəzinin direktoru Zöhrab Məmmədovun “Xalqın müdriklik nişanəsi-Xaçmaz əfsanələri” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə yerli ziyalılar, kitabxana və klub müəssisəsi işçiləri məruzələr ətrafında çıxış edərək Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində görüləcək işlərə aid təkliflərini bildiriblər. Sonda Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinə və dəyirmi masada fəal iştirakına görə rayonun bir qrup mədəniyyət işçisinə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanı təqdim edilib.
Nadir Məmmədov