Siyəzən şəhər Mədəniyyət evində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun (1933-2002) 80 illik yubileyinə həsr olunmuş “Sağlığında qiymət verin insanlara” adlı ədəbi-bədii gecə keçirilib.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov əlamətdar yubiley münasibətilə Cabir Novruz yaradıcılığını sevənləri təbrik edib.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı, şair, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, filologiya elmləri doktorları Rasim Nəbioğlu, Vüqar Əhməd, yazıçı-publisist Xeyrəddin Qoca çıxış edərək Cabir Novruzun həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söz açıb, xatirələrini danışıblar.
Qeyd edilib ki, illər öncə “Sağlığında qiymət verin insanlara” deyən şairinə həm sağlığında, həm də vəfatından sonra xalqımız böyük qiymət verib. O, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb, Milli Məclisin deputatı (1995-2000), Prezident təqaüdçüsü olub.
Vurğulanıb ki, Cabir Novruz poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən o, yüksək bəşəri mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı bədii gözəlliyi və rəvanlığı ilə seçilir. Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərdə həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Şairin nəvəsi Səfurə Novruzlu, Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri şairin şerlərini səsləndirib, Xalq artisti Zaur Rzayev, Elza Seyidcahan, Zəka Zeynalov, Aslan Hüseynov, Günay İbrahimli və başqa müğənnilərin ifasında “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri”, “Cavanlığım” və digər mahnıları tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Tədbirin sonunda şairin oğlu Müşfiq Cabiroğlu yubiley tədbirinin təşkilatçılarına təşəkkürünü bildirib.