Gəncədə dəyirmi masa keçirilib
İyulun 30-da Gəncədə «Milli Qəhrəmanların təbliğində media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr» mövzusunda dəyirmi masa keçirilib. Tədbir «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində gerçəkləşib.
Tədbiri Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, qədim şəhər tarixən özünün qəhrəmanlıq salnaməsi ilə örnək olub. Bu gün də Gəncədə qəhrəmanlıq tariximizin təbliğinə, şəhidlərin və Milli Qəhrəmanların xatirələrinin əbədiləşdirilməsinə böyük önəm verilir. Gəncənin Şəhidlər xiyabanında uyuyan 369 şəhidin 5-i Azərbaycanın Milli Qəhrəmanıdır.
«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi barədə məlumat verib. Bildirib ki, 2014-cü ilin iyul-dekabr aylarını əhatə edən layihə cəmiyyətdə vətənpərvərlik hissinin gücləndirilməsini, Milli Qəhrəmanlarımızın rəşadətli həyat yolunun cəmiyyətə yaxından çatdırılması ilə bağlı görülən işlərə dəstək göstərilməsini nəzərdə tutur.
Digər çıxış edənlər layihənin əhəmiyyətindən söz açıblar. Dəyirmi masada Gəncə Şəhər İcra Hakimiyyətinin yeni nəşri olan «Gəncə şəhərinin hərb tarixi və şəhidləri» kitabı ətrafında da müzakirələr aparılıb.