Şəhid zabit Əhməd Abdullayevə həsr olunmuş sənədli filmin təqdimatı

Avqustun 1-də Cəlilabad Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Ordusunun zabiti, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Əhməd Abdullayevin həyat yolundan bəhs edən “Əhmədə deyin ki...” sənədli filmin təqdimatı olub.

«O - film» studiyasının lentə aldığı ekran əsəri Azərbaycan Mətbuat Şurasının “Bitməyən müharibənin qəhrəmanları” layihəsi üzrə ikinci filmdir. Mərasimdə şəhidin doğmaları, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək xalqımızın qəhrəmanlıq tarixinə cəlilabadlı oğulların da adlarının həkk olunduğunu vurğulayıb, Milli Qəhrəman Mübariz İbrahimov, Fərid Əhmədov, Əhməd Abdullayev kimi zabitlərin igidlik yolundan söz açıb. İcra başçısı vətən uğrunda həlak olmuş övladlarımızın xatirələrini əziz tutduğuna görə dövlət rəhbərliyinə minnətdarlığını bildirib, filmin yaradıcı heyətinə rayon sakinləri adından təşəkkür edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, vətənpərvərlik tarixən hər bir xalqın əbədi daşıdığı müqəddəs ideyadır. Cəlilabadda boya-başa çatmış Əhməd Abdullayev xalqın qəhrəman, vətənpərvər övladlarından biri idi. Şura sədri xatırladıb ki, «Bitməyən müharibənin qəhrəmanları» layihəsi üzrə çəkilən birinci film də cəlilabadlı igid Fərid Əhmədova həsr edilib. Azərbaycanın rəşadətli oğullarının həyat yoluna işıq salmaq, qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan layihə çərçivəsində 10-dək sənədli film çəkiləcək.
Mətbuat Şurası idarə heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə filmlərin orta məktəblərdə nümayişinin vacibliyini vurğulayıb. “O - film” studiyasının rəhbəri, jurnalist Bəxtiyar Qaraca ekran əsəri barədə danışıb, çəkilişə göstərdiyi diqqətə görə Milli Məclisin deputatı Malik Həsənova təşəkkür edib.
Şəhid Əhməd Abdullayevin atası Hüseynağa Abdullayev oğlunun xatirəsini yaşadan sənədli filmin yaradıcılarına minnətdarlığını bildirib.
Sonra sənədli film nümayiş olunub. Filmdə Əhməd Abdullayevin uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illərdən söz açılır, şəhid haqqında dostlarının, yaxınlarının və müəllimlərinin xatirələrinə yer verilib.
Filmin qəhrəmanı Əhməd Abdullayev 1976-cı il iyulun 30-da Cəlilabadda dünyaya gəlib. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonralar İstanbulda hərbi məktəbdə və Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib, müxtəlif ölkələrdə hərbi təlimlərdə iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Silahlı Qüvvələrdə xüsusi təyinatlı dəstədə qrup komandiri olub. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib. Həmin il sentyabrın 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədi ilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Prezident İlham Əliyevin 2010-cu il 28 dekabr tarixli sərəncamı ilə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar