Bərdə şəhərində regionun ən geniş mədəniyyət və istirahət parkı salınır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ağdam və Bərdə rayonlarına səfər edib. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə baş çəkib. Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib. Ali Baş Komandanın iştirakı ilə operativ müşavirə keçirilib, hərbi rəhbərliyə müvafiq tapşırıqlar verilib.

“Biz o torpaqlara qayıdacağıq”

Prezident sonra Ağdam rayonunda məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib. Dövlət başçısına məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Qəsəbəyə Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə - ümumilikdə 3100 nəfər köçürüləcək. Prezident İlham Əliyev qəsəbədəki uşaq bağçası və məktəb binası ilə tanış olub.
Dövlət başçısı məktəbin ərazisində xalqımızın qədim qeyri-maddi mədəni irs nümunəsi olan və dünyaca məşhur Qarabağ atları üzərində oynanılan çövkən oyununa tamaşa edib.
Qəsəbə ilə tanışlıqdan sonra Prezident Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlərin həyata keçirildiyini deyən dövlət başçısı son illər ərzində 80-dən çox qəsəbə tikildiyini diqqətə çatdırıb. 190 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülüb. Son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. O cümlədən Ağdam rayonunda sayca 18-ci qəsəbə inşa edilib. İnfrastruktur layihələri icra edilir: “Biz hər il, demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün biz, ilk növbədə, bu addımları atmalıyıq. Bu gün Azərbaycanda hər bir rayonda böyük quruculuq işləri aparılır. İşğal altında olan torpaqlara qayıdandan sonra da bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq”.

Qədim Bərdənin yeni növrağı

Avqustun 6-da Bərdə şəhərinə gələn dövlət başçısı şəhərdə yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub. Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi tikilir. Bu kompleks ölkənin regionlarında salınmış ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biri olacaq.
Park-bulvar kompleksi ilkin mərhələdə 40 hektar ərazini əhatə edəcək və gələcəkdə daha da genişləndiriləcək. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları qorunub saxlanılıb. Hazırda iki istiqamətdən həmin abidəyə asma körpü çəkilir. 14 fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artıracaq.
Ulu öndər Heydər Əliyevin kompleksdə ucaldılacaq abidəsinin yerləşdiyi 4 min kvadratmetr ərazidə qranit örtüklü monument yaradılır. Parkın giriş qapısı da öz əzəməti ilə diqqəti cəlb edir. Uzunluğu 36 metr, hündürlüyü 12 metr olan qapı milli memarlıq üslubunda ucaldılıb. Yeni tikiləcək mədəniyyət sarayına da üç istiqamətdən giriş qapıları qoyulub. Burada keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün 1000 tamaşaçı yeri olan süni örtüklü stadion, geniş ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri yaradılır. Həmçinin 21 hektarda yaşıllaşdırma işləri aparılıb.
Gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyev park-bulvar kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar