Lerik Azərbaycanın füsünkar diyarı, qədim insan məskənidir. Cənub bölgəsində abidələrlə zəngin rayondur. Tarixi abidələr sırasında orta əsrlərin yadigarları - pirlər, türbələr, qəbiristanlıqlar geniş yer tutur ki, bunun da başlıca səbəbi bölgədə islam dininin güclü təsir qüvvəsinə malik olmasıdır.
Rayonda dini-tarixi abidələrdən biri Cəngəmiran kəndi yaxınlığındakı Xəlifə Zəkəriyyə türbəsidir. Abidə Xəlifə Zəkəriyyə adlı din xadiminin adı ilə bağlıdır. Arxeoloqların rəyinə görə, qəbirüstü abidələrə əsasən türbə XV-XVI əsrə aiddir.
Türbə 41 hektara yaxın sahəni tutan qədim qəbiristanlıqdadır. Buradakı nil ağacları türbə ilə yaşıddır, parkı xatırladır. Qoç heykəllərinə, qutu qəbirlərə, insan fiqurlu başdaşlarına baxdıqca elə bil səma altında muzeyə tamaşa edirsən. Gör, babalarımızın qızıl əlləri burada nələr yaradıb?!
Xəlifə Zəkəriyyə türbəsi XIX əsrin axırlarında əcnəbi arxeoloqların, etnoqrafların və səyyahların diqqətini cəlb etmişdir. Fransanın Sen-Jermen muzeyinin əməkdaşı Jak de Morqan türbədə qazıntı işləri aparmış, Parisə qayıtdıqdan sonra “İrana elmi səfər” əsərində bu abidə haqqında geniş danışmışdır.
Ötən əsrin əllinci illərində sovet ordusunun alayları türbənin yaxınlığında təlim-məşqlər keçərkən daş heykəllərin bir neçəsi zədələnmişdir. Bu, əhalinin narazılığına səbəb olmuş, hərbiçiləri türbənin ərazisindən qovmuşlar. Hadisənin şahidi kimi yaddaşımda silinməz izlər qalmışdır.
Cəngəmiran kəndindən Qarabağ döyüşlərində həlak olmuş 8 şəhid Xəlifə Zəkəriyyə türbəsində uyuyur. Kəndin ziyalıları türbədəki hər daş parçasını, hər ağacı, hər kolu qoruyur, abidəni geniş təbliğ edirlər. Ağsaqqallar türbənin daşdan hasara alınması barədə təşəbbüs irəli sürmüş, onların bu təklifi rayon rəhbərliyi tərəfindən bəyənilmişdir. Rayon icra hakimiyyəti qəbiristanlıqda abadlıq işləri üçün daxili imkanlar hesabına xeyli vəsait ayırmışdır. Bakıda, Sumqayıtda yaşayan kəndin ziyalıları təşəbbüsə qoşulub fond yaratmışlar.
Artıq bir aydır türbənin ətrafinda iş gedir. Maşınlar mişar daşı daşıyır, qaynaqçılar dəmir konstruksiyalardan fiqurlar hazırlayır, bənnalar divar hörüb üzlük çəkirlər. Cəngəmiran kənd bələdiyyəsinin sədri Güləddin Şahverənov işlərin gedişindən razılıqla danışır:
- Beş əsrə yaxın yaşı olan türbənin hasara alınmasına təcrübəli bənnalar və qaynaqçılar cəlb edilib. Divarlara üzlük çəkilir, giriş qapıları yerinə qoyulur. Şərq üslubunda məhəccərlər hazırlanır və rənglənir. Abidələrin qorunma lövhələri yenidən hazırlanır, məlumatlar bir daha dürüstləşdirilir. Gələcəkdə qəbiristanlıqda olan daş abidələr barədə buklet çap etdirməyi də nəzərdə tutmuşuq.
Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist