Avqustun 22-də Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan Qazax rayonunda olub. Qonaq əvvəlcə Qazax şəhərindəki Ədəbiyyat Muzeyində rayon ziyalıları və mədəniyyət işçiləri ilə görüşüb.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal açaraq iki ölkənin tarixi qardaşlıq münasibətlərindən, adət-ənənə və mədəni köklərimizdən danışıb.
Seyid Əhməd Arslan səmimi görüşə görə təşəkkür edərək ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında, o cümlədən mədəni və ədəbi bağların güclənməsindən söz açıb. O, özü ilə gətirdiyi türk ədəbiyyatına dair 400-dək kitabı Qazax rayon Mərkəzi Kitabxanasına hədiyyə etdiyini bildirib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, MKS-nin direktoru Solmaz Babanlı, şair Tofiq Saleh çıxış edərək bu dəyərli töhfəyə görə qonağa minnətdarlıqlarını bildiriblər.
Görüşdən sonra qonaq rayonun görməli yerləri ilə tanış olub, həmçinin hər il avqust ayının 22-də Qazax rayonunun Yuxarı Salahlı kəndində keçirilən ənənəvi Vaqif poeziya gecəsinə qatılıb. Seyid Əhməd Arslan bu söz bayramında iştirakından çox məmnun olduğunu vurğulayaraq Qazax bölgəsinin türk dünyasının iftixar etdiyi bir çox ədəbiyyatçı və ziyalı yetişdirdiyini qeyd edib. Vaqif haqqında danışan müşavir şairin yaradıcılığına dərindən bələd olmasa da, “Bilirəm ki, Türkiyədə Yunus Əmrə kimdirsə, Azərbaycanda da Vaqif odur”, - deyə əlavə edib.
Gecədə "Ulduz" jurnalının poeziya şöbəsinin redaktoru Fərqanə Mehdiyeva, yerli şairlərdən Bilal Qoca, Nəriman Mehdixanlı, Ələddin İncəli, Saqif Qaratorpaq, Səhlədar Hidayətoğlu çıxış ediblər. Ədəbi məclis bədii kompozisiya, uşaqların ifasında şeirlərlə davam edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar