Baden-Vürttemberq əyalətinin Bayersbronn şəhərindəki musiqi məktəbinin kollektivi Göygöl rayonunda səfərdə olub

Son illər Azərbaycanla Almaniya arasında çoxşaxəli əməkdaşlıq uğurla inkişaf edir. İki ölkənin rəhbərliyi arasında yüksək səviyyəli siyasi dialoqla yanaşı, müxtəlif sahələrdə qarşılıqlı səfərlər, mədəniyyət sahəsində əlaqələrin genişlənməsi bu prosesə öz töhfəsini verir.

Bu günlərdə Almaniyanın Baden-Vürttemberq əyalətinin Bayersbronn (Baiersbronn) şəhərindəki musiqi məktəbinin 17 nəfərdən ibarət şagird və müəllim kollektivinin ölkəmizdə səfəri də bu qəbildəndir. Səfər Göygöl rayonundan millət vəkili, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Rövşən Rzayevin və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının (rəhbəri millət vəkili Fuad Muradov) təşəbbüsü ilə gerçəkləşib. Qonaqlar sentyabrın 4-dən 7-dək Göygöl rayonunda olublar.
Qeyd edək ki, Göygöl rayonunun gənc musiqiçiləri üç il əvvəl Almaniyaya getmişdilər və bu, alman tərəfin cavab səfəridir. Bu barədə qəzetimizə məlumat verən Göygöl şəhəri Aşıq Şəmşir adına musiqi məktəbinin direktoru Nuranə Quliyeva bildirdi ki, Göygöl rayonundan millət vəkili Rövşən Rzayevin təşəbbüsü, Azərbaycanın Almaniyadakı və Almaniyanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə 2011-ci ildə musiqi məktəbinin 20 nəfərlik heyəti Baden-Vürttemberq əyalətinin Şturqart şəhərində olmuşdu.
Xatırladaq ki, Göygöl (keçmiş Helenendorf) şəhərinin əsası 1819-cu ildə Almaniyanın Vürttemberq krallığından Azərbaycana köçmüş alman icması tərəfindən qoyulub. Bu gün Göygöl iki xalq arasında mədəni əlaqələrdə körpü rolunu oynayır, buraya tez-tez Almaniyadan qonaqlar gəlir. Yeri gəlmişkən, budəfəki qonaqlar arasında Göygöl (Helenendorf) şəhərinin əsasını qoymuş Forerlərin nümayəndəsi - Tomas Forer də olub.
Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi səfərin yaddaqalan keçməsi üçün hər cür kömək göstərib. Nuranə Quliyevanın bildirdiyinə görə, qonaqlar Göygöl şəhərində almanların tikdikləri evlərə, saldıqları küçələrə baxıblar. Göygöldəki keçmiş alman kirxası (burada tarix-diyarşünaslıq muzeyi yerləşir) və bu şəhərdə dünyasını dəyişmiş sonuncu alman olan Viktor Klaynın ev-muzeyi ilə tanışlıq onlarda dərin təəssürat doğurub. Qonaqlar Göygöl şəhərindəki Bayraq meydanı, Heydər Əliyev Mərkəzi və digər görməli yerlərə də baş çəkib, rayonun Zurnabad və Şəhriyar kəndlərində qədim tarixi abidələrə baxıblar. Hacıkənd-Toğana istiqamətində ekskursiya da yaddaqalan olub. Alman nümayəndə heyəti Gəncə şəhərinə, habelə qonşu Şəmkir rayonuna səfər edib, burada almanların tikdikləri binalar, təmir-bərpa edilmiş kirxa ilə maraqla tanış olublar.
Sentyabrın 8-də Göygöldən Bakıya gələn almaniyalı heyət paytaxtın görməli yerlərini, dənizkənarı bulvarı gəzib. Qonaqlar sentyabrın 9-da ölkəmizdən zəngin təəssüratla vətənlərinə yola düşüblər.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar