İnsan həyatda varlığını təsdiq etmək üçün Tanrının ona bəxş etdiyi istedadı, bacarığı sayəsində irəli gedir, mübariz olur, yaşadığı mühitə, ən nəhayət, vətəninə sevgisini, vurğunluğunu göstərir...
Vətənimizi dəyərli misraları ilə vəsf edən nəğməkar şairə Şərafət Dağıstanlı da bu həyatda öz sözünü demiş, bir vətəndaş kimi Azərbaycanın zəngin mədəniyyətinə töhfələr vermişdir. Şərafət xanım “Dünya birliyi” jurnalının redaktoru Ramilə Eminli ilə birlikdə bu günlərdə Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olmuşdur.
Şairə illərlə kövrək qəlbində yaşatdığı xatirələrini, bizlərə bəxş etdiyi şeirlərinin tarixçəsini kollektivlə bölüşdü. “Bağban, məni yaralama”, “Olmur” şeirlərinə məşhur mahnılar bəstələnmiş müəllif doğma yurdumuzun zəngin irsini, tariximizi, milli-mənəvi sərvətimizi qoruyan Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi haqqında xoş sözlərini çatdırdı. Hamımızda milli qürur hissini coşduran “Azərbaycan bayrağı” şeirini söylədi.
Respublikamızın görkəmli sənətkarları, sevilən xanəndələri - Xan Şuşinski, Yaqub Məmmədov, Əbülfət Əliyev, Səxavət Məmmədov, Sədi Məmmədov, Məhəbbət Kazımov və başqaları tərəfindən ifa edilən mahnı və təsniflərin sözlərinin müəllifi olan Şərafət xanım bu gün də bir-birindən gözəl nəğmələrə həyat bəxş etməkdədir.
İlhamə Seyidova,
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi