Xəbər verdiyimiz kimi, sentyabrın 25-26-da Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən bu ilin “Folklor paytaxtı” elan olunmuş Balakən rayonunda folklor və turizm festivalı, həmçinin poeziya görüşü keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Balakən payızı” festivalında Dağıstan (Rusiya Federasiyası) və Gürcüstanın, həmçinin Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının folklor kollektivləri iştirak edirdilər.
Festival şəhərdəki Heydər Əliyev prospektində, Mədəniyyət mərkəzinin qarşısındakı meydanda kollektivlərin təqdimatı ilə başlandı. Gürcüstanın və Dağıstanın folklor və rəqs kollektivləri, Şəki rayonu Şorsu kənd mədəniyyət evinin “Abay” rəqs kollektivi, Ağdam rayonunun “Şur” ansamblı, Masallının “Halay” rəqs qrupu, Qax rayonunun “Peşvebi”, İsmayıllının “İvanovka”, Zaqatalanın “Qızılgül” folklor kollektivləri qısa proqramla çıxış etdilər.
Sonra iştirakçılar prospektlə ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkına yürüş etdilər. Burada Balakən rayonunun folklor və rəqs kollektivləri festival iştirakçılarını şux rəqslərlə qarşıladılar. Parkda Balakən mətbəxi və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgilər təşkil edilmişdi. Tədbir iştirakçıları bölgə mətbəxinin dadlı təamlarının dadına baxaraq folklor kollektivlərinin çıxışlarını izlədilər.
Günün ikinci yarısında Heydər Əliyev parkında festivalın rəsmi açılış mərasimi oldu. Mərasimdə İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək dövlət başçısı İlham Əliyevin qayğısı nəticəsində Balakən rayonunun son illər xeyli inkişaf etdiyini vurğuladı. İcra başçısı Balakənin zəngin mədəni irsinin, folklor ənənələrinin olduğunu diqqətə çatdırdı: “Balakənin “Folklor paytaxtı” elan edilməsi rayonun milli-mənəvi dəyərlərinə verilən yüksək qiymətdir. Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində həyata keçirilən bu festival xalqımıza xas olan mədəni irsi qoruyub saxlamaq və təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə belə festivalların keçirilməsi artıq ənənəyə çevrilib. Ümidvaram ki, “Balakən payızı” folklor və turizm festivalı da ənənəvi olacaq”.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək Balakənin qədim tarixə, etnik müxtəlifliyə, zəngin adət-ənənəyə malik olduğunu vurğuladı: “Bu gün yeni bir layihənin başlanğıcını qoyuruq. Bilirsiniz ki, Balakən şəhəri 2014-cü il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan edilib. İlk dəfə keçirilən “Balakən payızı” folklor festivalı “Folklor ili” çərçivəsində burada təşkil olunan tədbirlərin davamıdır. Bu gün keçirilən festival onu deməyə əsas verir ki, Balakən, həqiqətən də, Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Belə festivalların keçirilməsi nəinki Balakənin, eyni zamanda bu bölgənin mədəni həyatına müsbət təsir göstərəcək. Güman edirəm ki, festival ənənəvi olaraq keçiriləcək. Nazirlik olaraq belə tədbirlərin keçirilməsini bundan sonra da dəstəkləyəcəyik”.
Mərasimdə folklor və rəqs kollektivlərinin təqdim etdiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla izlənildi.

* * *
“Balakən - Azərbaycanın Folklor Paytaxtı-2014” layihəsi çərçivəsində rayon Mədəniyyət mərkəzində poeziya görüşü keçirildi. Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, şair-tərcüməçi Ənvər Əhməd, şair Sərvaz Hüseynoğlu, gənc şairlər Xəyal Rza və Fərid Hüseyn ədəbiyyat həvəskarlarının görüşünə gəlmişdilər.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, millət vəkili Kamilə Əliyeva, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Gecədə çıxış edən şair Çingiz Əlioğlu Balakənin tarixən vətəni yadelli basqınlardan qoruyan, əzmkar insanların yaşadığı bir torpaq olduğunu dedi: “Balakənin “Folklor paytaxtı” elan olunması heç də təsadüfi deyil. Bu bölgənin əhalisi tarixdə qəhrəmanlıqlar göstərmiş, gözəl adət-ənənələr, folklor nümunələri yaratmışdır. Balakən Azərbaycanın gözəl landşafta malik təbiəti ilə seçilən bir məkanıdır. Buranın əsas bəzəyi isə mərd, əzmkar insanlarıdır”.
Şair-tərcüməçi Ənvər Əhməd də Balakən rayonunu qədim adət-ənənənin, milli musiqinin, folklorun daim yaşadıldığı bölgə kimi xarakterizə etdi.
Daha sonra çıxış edən şair Sərvaz Hüseynoğlu, gənc şairlər Xəyal Rza və Fərid Hüseyn tarixin dərin qatlarından keçib gələn, saflaşıb durulan folklorumuzun, musiqimizin, milli mətbəximizin qorunduğunu və inkişaf etdirildiyini bildirdilər. Şairlər şeirlərindən nümunələr oxudular. Səmimi əhval-ruhiyyədə keçən poeziya gecəsi rayon sakinlərinə xoş anlar yaşatdı.
Qeyd edək ki, “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı üzrə bu il paytaxt elan olunmuş bölgələrdə tədbirlər davam edir. Növbəti tədbir oktyabrın 3-də “Sənətkarlıq paytaxtı” Abşeron rayonunda təşkil olunacaq.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar