Zaqatala və Oğuzda dəyirmi masa keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi regionlarda turizmin təşviqi və bu sahədə hüquqi normativ bazanın təkmilləşdirilməsi məqsədilə silsilə tədbirlər keçirir.
Mərkəzin rayon mədəniyyət və turizm şöbələri ilə birgə oktyabrın 22-də Zaqatalada, 23-də isə Oğuzda təşkil etdiyi “Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı” mövzusunda dəyirmi masa da bu qəbildəndir. Zaqatala Tarix-Mədəniyyət Qoruğunda keçirilən dəyirmi masanı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vəfa Süleymanova açaraq rayonda aparılan quruculuq-abadlıq və yenidənqurma işlərindən danışıb, bu işlərin turizm sahəsinin inkişafına da müsbət təsir etdiyini vurğulayıb.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva - “Zaqatala rayonunda turizmin növlərinin inkişafı istiqamətində aparılan işlər”, Elmi-Metodiki Mərkəzin hüquqi-normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin müdiri Məzahir Qarayev “Turizmin inkişafının dünya təcrübəsi və əhalinin həyat səviyyəsinə təsiri” mövzusunda çıxış ediblər. Çıxışlarda inkişaf etmiş dünya ölkələrində turizmin inkişafı və beynəlxalq təcrübənin regionlarda tətbiqindən söz açılıb. Qeyd edilib ki, son illər ölkə rəhbərliyinin sahəyə diqqəti, icra olunan dövlət proqramları turizmin inkişafına zəmin yaradıb. 2010-2014-cü illəri əhatə edən “Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramı bu sahənin regionlarda daha da inkişafına təkan verib. Füsunkar təbiətə, zəngin mədəni tarixi irsə malik olan Zaqatala rayonunda da turizmin əksər növlərinin inkişafı üçün şərait var. Turizm sahəsində həyata keçirilən layihələr bölgəyə daha çox yerli və xarici turistlər cəlb etməklə yerli büdcə gəlirlərinin artmasında, işsizlik probleminin həllində müsbət rol oynayır.
Dəyirmi masada Elmi-Metodiki Mərkəzin hüquqi-normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi Ramin Cəfərov “Regionda turizmin inkişafında davamlılıq prinsiplərinin təmin olunması”, Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz Gülalıyev “Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı” mövzusunda məruzə ilə çıxış ediblər. Zaqatala Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədovun turizm obyektlərinin fəaliyyəti, Mamrux kənd kitabxanasının direktoru Cəlal Davudovun tarixi-memarlıq və təbiət abidələrinin turizmin inkişafında roluna dair məruzələri də dinlənilib.
Mövzu ilə bağlı müzakirələr Oğuz rayonunda da davam etdirilib. Oğuz Rayon İcra Hakimiyyətinin məsləhətçisi Tofiq Daşdəmirovun da iştirak etdiyi tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ulduz Baxışova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Məzahir Qarayev, şöbənin baş mütəxəssisi Ramin Cəfərov, ATİ-nin dosenti Çingiz Gülalıyev, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Arizə Xuduyeva və Mədəniyyət Evinin metodisti Anar Hüseynovun məruzələri dinlənilib.
Hər iki dəyirmi masada iştirakçıların turizm fəaliyyətinin stimullaşdırılması, kadr çatışmazlığı problemlərinin həlli və s. mövzuda sualları cavablandırılıb.