Noyabrın 6-7-də Qax Rayon Dövlət Rəsm Qalereyasında Dövlət Bayrağı Günü münasibətilə “Üçrəngli bayrağım” adlı rəsm sərgi-müsabiqəsi keçirilib. Sərgi-müsabiqədə rayonun ümumtəhsil məktəblərinin 35 şagirdi və Günərzi Qayğı Mərkəzinin uşaqları iştirak ediblər. Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib, hədiyyə və fəxri fərmanlarla təltif olunub.
Qax Rayon Heydər Əliyev Mərkəzində isə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə ədəbi-bədii gecə təşkil edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb şagirdləri, gənclər iştirak ediblər. Çıxış edənlər bayrağımızın yaranma tarixindən, simvollarından söz açıblar. Şagirdlərin ifasında şeirlər səslənib.
* * *
Noyabrın 7-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Mərkəzin direktoru S.Şəfiyeva iştirakçıları bayram münasibətilə təbrik edib və əlamətdar günün əhəmiyyətindən danışıb. Mərkəzin baş mühafizi A.İbrahimova mövzu ilə məruzə edərək Azərbaycanın üçrəngli bayrağının tarixindən danışıb. Ölkə Prezidentinin sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis edilməsinin müstəqilliyimizə, dövlətimizin atributlarına verilən dəyərin bariz nümunəsi olduğu vurğulanıb.
Sonda iştirakçılar Azərbaycan bayrağına həsr olunmuş filmə baxıblar.
* * *
Noyabrın 7-də Zərdab rayon MKS-nin 13 saylı Gəlmə kənd kitabxanası Dövlət Bayrağı Günü münasibətilə kənddəki körpələr evi-uşaq bağçasında tədbir təşkil edib. Tədbiri kitabxananın müdiri İlahə Hüseynova bayrağımızın yaranma tarixindən, 1918-ci ilin 9 noyabrında qəbul edilən üçrəngli bayrağın bərpa edilib yaşadılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
Qeyd olunub ki, üçrəngli ay-ulduzlu bayrağımız 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılıb.
Tədbirdə uşaqlar bayraq, vətən haqqında şeirlər söyləyiblər.