Noyabrın 20-də Quba rayon MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbində “Beynəlxalq Uşaq Hüquqları Günü” münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbiri uşaq şöbəsinin oxu zalının müdiri Rima Seyfullayeva açaraq bildirdi ki, ənənəvi olaraq bu il də ölkəmizdə “Uşaq hüquqları aylığı” keçirilir. “Hər bir uşağın qayğısına qalaq!” devizi ilə 20 oktyabr - 20 noyabr tarixlərində gerçəkləşən builki tədbir BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25-ci ildönümünə təsadüf edir.
Məktəbin müəlliməsi Şəfiqə Zəki çıxış edərək bildirdi ki, uşaqların ədəbiyyata, mütaliəyə marağını artırmaq üçün ədəbiyyatımızda hüquqları pozulmuş uşaqların həyatından bəhs edən əsərlərin icmalını keçirə bilərik.
Tədbirin sonunda şagirdlər arasında “Hüquqlarınızı bilirsinizmi?” başlığı altında viktorina keçirilib, qaliblər mükafatlandırılıb.
* * *
BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə ölkəmizdə keçirilən “Uşaq hüquqları aylığı”na Ucarda “Doğma yurdum Azərbaycan” adlı ədəbi-bədii və musiqili kompozisiya ilə yekun vurulub.
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə keçirilən və artıq bir ənənə halını almış bu aylığın təşkilində əsas məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Aylıq çərçivəsində Ucar rayonunun təlim-tərbiyə müəssisələrində müxtəlif tədbirlər, müsabiqə və sərgilər təşkil olunub.
Ucardakı Heydər Əliyev Mərkəzində keçirilən yekun tədbirdə balaca fidanların ifasında doğma Azərbaycanımızı vəsf edən şeirlər, mahnılar, xor kollektivinin çıxışları, kövrək rəqslər iştirakçılarda xoş təəssürat yaradıb.