Rayonda ilin ən böyük tədbiri, sözsüz ki, sentyabrın 25-26-da keçirilən “Balakən payızı” folklor və turizm festivalı oldu. Mədəniyyət və Turizm Nazirliyinin və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi festivalda Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Dağıstan (Rusiya Federasiya) və Gürcüstandan folklor kollektivləri iştirak edirdilər.

Festival şəhərdəki Heydər Əliyev prospektində, Mədəniyyət mərkəzinin qarşısındakı meydanda kollektivlərin təqdimatı ilə başlandı. Gürcüstanın və Dağıstanın folklor və rəqs kollektivləri, Şəki rayonu Şorsu kənd mədəniyyət evinin “Abay” rəqs kollektivi, Ağdam rayonunun “Şur” ansamblı, Masallının “Halay” rəqs qrupu, Qax rayonunun “Peşvebi”, İsmayıllının “İvanovka”, Zaqatalanın “Qızılgül” folklor kollektivləri qısa proqramla çıxış etdilər.
Sonra iştirakçılar prospektlə ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkına yürüş etdilər. Burada Balakən rayonunun folklor və rəqs kollektivləri festival iştirakçılarını şux rəqslərlə qarşıladılar. Parkda Balakən mətbəxi və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgilər təşkil edilmişdi. Tədbir iştirakçıları bölgə mətbəxinin dadlı təamlarının dadına baxaraq folklor kollektivlərinin çıxışlarını izlədilər.
Günün ikinci yarısında Heydər Əliyev parkında festivalın rəsmi açılışı oldu. Mərasimdə çıxış edən İcra Hakimiyyətinin başçısı İslam Rzayev Balakənin zəngin mədəni irsinin, folklor ənənələrinin olduğunu diqqətə çatdırdı: “Folklor paytaxtı” elan edilməsi rayonun milli-mənəvi dəyərlərinə verilən yüksək qiymətdir. Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində həyata keçirilən bu festival mədəni irsimizin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə belə festivalların keçirilməsi ənənəyə çevrilib. Ümidvaram ki, “Balakən payızı” folklor və turizm festivalı da ənənəvi olacaq”.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxışında Balakənin qədim tarixə, etnik müxtəlifliyə malik olduğunu vurğuladı: “Bu festival onu deməyə əsas verir ki, Balakən, həqiqətən də, Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Belə festivalların keçirilməsi nəinki Balakənin, eyni zamanda bu bölgənin mədəni həyatına müsbət təsir göstərəcək. Nazirlik olaraq belə tədbirlərin keçirilməsini bundan sonra da dəstəkləyəcəyik”.
Mərasimdə folklor və rəqs kollektivlərinin təqdim etdiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla izlənildi.
Festival çərçivəsində rayon Mədəniyyət mərkəzində poeziya görüşü keçirildi. Görüşdə Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, şair-tərcüməçi Ənvər Əhməd, şair Sərvaz Hüseynoğlu, gənc şairlər Xəyal Rza və Fərid Hüseyn şeirlərini söylədilər, ədəbiyyat həvəskarlarının suallarını cavablandırdılar. Səmimi əhval-ruhiyyədə keçən poeziya gecəsi rayon sakinlərinə xoş anlar yaşatdı.
“Balakən payızı”nın sentyabrın 26-da Qabaqçöl qəsəbəsində təqdim olunan konsert proqramı da rəngli görüntülərə səhnə oldu. Qəsəbənin mərkəzi al-əlvan bayraqlarla bəzədilmişdi. Festival iştirakçılarının iki saatadək davam edən çıxışları hamıda xoş ovqat, böyük coşqu yaratdı. Festivalın son konserti rayon mərkəzində - Heydər parkına keçirildi. Folklor kollektivləri burada bir daha öz məharətlərini nümayiş etdirdilər. Rayon İcra Hakimiyyəti adından kollektivlərə diplom və hədiyyələr təqdim edildi.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar