Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə aprelin 18-də Şamaxı sakinləri, təhsil və mədəniyyət işçiləri şəhərdə yerləşən Cümə məscidi tarixi memarlıq abidəsini, Yeddi günbəz, Şahxəndan, Pir Mərdəkan xanəgahı abidələrini, Mirzə Ələkbər Sabirin məqbərəsini və tarix-diyarşünaslıq muzeyini ziyarət ediblər. Mədəniyyət və Turizm Şöbəsinin mütəxəssisləri ziyarətçilərə tarix və mədəniyyət abidələri və tarix-diyarşünaslıq muzeyi haqqında məlumat veriblər.
* * *
Aprelin 17-də Göyçay şəhər 2, 4, 5, 7 saylı tam orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə rayon tarix-diyarşünaslıq muzeyinə, “Yuxarı məscid” və “Yeraltı hamam” tarixi abidələrinə ekskursiyalar təşkil edilib. Şəhər 7 saylı məktəbin direktoru Adil Məmmədov şagirdlərə abidələr haqqında və Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü barədə məlumat verib.
Aprelin 18-də Xalq şairi Rəsul Rzanın Göyçaydakı ev-muzeyində “Göyçayın fəxri” adlı tədbir keçirilib. Ev-muzeyin direktoru Solmaz Həsənova qonaqları eksponatlarla tanış edib və şairin yaradıcılığı barədə ekskursiyaçıları məlumatlandırıb. Sonda şəhər 1 və 3 saylı tam orta məktəblərin şagirdlərinin ifasında R.Rzanın şeirləri qiraət olunub.
* * *
Aprelin 17-də Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində əlamətdar günlə bağlı maarifləndirici tədbir təşkil olunub. Muzeyin baş abidə mühafizəçisi Vamiq Babayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü haqqında məlumat verib. Muzeyin direktoru Ülviyyə Əliyeva respublikamızda bu sahəyə olan diqqət və qayğıdan söz açıb. Muzeydə ekskursiya təşkil olunub.
Gün ərzində Lənkəranda olan tarixi abidələrə, o cümlədən Həzi Aslanovun ev-muzeyinə, Şeyx Zahid ziyarətgahına, “Sığın” daş qutu nekropoluna da ekskursiya keçirilib.
* * *
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə Zaqatala qalasında, rayon tarix-diyarşünaslıq muzeyində “açıq qapı” günü keçirilib. Rayon Mərkəzi kitabxanası və filial kitabxanaları - Paşan, Dardoqqaz, Danaçı, Yengiyan, Göyəm, Əliabad, Gözbarax və s. kənd kitabxanaları və onların fəal oxucuları ilə birlikdə həmin məkanlara ekskursiya təşkil edilib. XIX əsr abidəsi olan Zaqatala qalası və tarix-diyarşünaslıq muzeyindəki eksponatlar haqqında məlumat verilib.
* * *
Aprelin 17-də Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “İlisu” tarix-mədəniyyət qoruğunda “Abidələr keçmişimiz, bu günümüz, gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Sumu qala, Ulu körpü və Ulu məsciddə olublar. Qoruğun direktoru Azər Qocayev abidələr haqqında məlumat verib. Tədbir çərçivəsində kənd mədəniyyət evinin foyesində təşkil edilən “Qədim tariximiz” fotosərgisinə baxış keçirilib, tədbir iştirakçıları “Ulu dağ, ulu dad, ulu irs” adlı yeməklərdən ibarət sərgi ilə tanış olublar.
Tədbir boyu rayon Mədəniyyət evinin musiqi kollektivlərinin ifasında mahnılar, incəsənət məktəbinin “Tumurcuq” rəqs qrupu tərəfindən rəqslər ifa olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar