Mayın 6-da Göyçay şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Müasir mədəni menecment: gənclərin rolu" adlı zona seminar-müşavirəsi keçirilib.
Qeyd edək ki, rayon mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması, nəzəri hazırlıq səviyyəsinin artırılması, yaradıcı mühitin dəstəklənməsi, habelə müəssisələrarası işgüzar əlaqələrin təmin olunması və əməkdaşlar arasında təşəbbüskarlıq keyfiyyətlərinin inkişafı məqsədilə nazirlik tərəfindən müxtəlif xarakterli tədbirlər təşkil olunur. Bu qəbildən tədbirlər 20-dən artıq rayon və şəhərdə keçirilib. Sözügedən müşavirədə Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Ağsu və İsmayıllı rayonlarının da mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Usubəliyev ölkədə həyata keçirilən mədəniyyət siyasətinin qarşısında duran əsas hədəflər, ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərdiyi diqqət sayəsində əldə olunan uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsində mədəniyyət amilinin artan əhəmiyyəti barədə iştirakçılara geniş məlumatlar verib. Gənc mədəniyyət işçilərinin potensialından səmərəli istifadə yolları, respublikamızda keçirilən beynəlxalq tədbirlərin təşkili zamanı qüvvələrin səfərbər olunması, sahənin inkişafına xidmət edəcək kreativ təkliflərin müəyyənləşdirilməsi, müəssisələr və rayonlar arasında daha effektiv koordinasiya işlərinin aparılması və s. mövzularda fikir mübadiləsi aparılıb.