Qax şəhərinin “Milli mətbəx paytaxtı” və Şamaxının “Ədəbiyyat paytaxtı” elan olunması ilə əlaqədar təntənəli tədbirlər keçirilib

Milli mətbəx mədəni irsdir

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi yeni “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, Qax rayonu 2015-ci il üçün “Azərbaycanın milli mətbəx paytaxtı”, Şamaxı isə “Azərbaycanın ədəbiyyat paytaxtı” elan olunub. Bu münasibətlə hər iki rayon mərkəzində təntənəli tədbir keçirilib.
Mayın 13-də Səməd Vurğun adına Qax rayon Mədəniyyət evində təşkil olunan “Milli mətbəx paytaxtı”nın təqdimat mərasimində rayon rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, mədəniyyət işçiləri, turizm təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüblər. Sonra Mədəniyyət evinin foyesində Qax rayonuna məxsus mətbəx nümunələrindən ibarət sərgiyə baxış keçirilib.
Qısa konsert proqramından sonra rayonun milli mətbəxi, turizm potensialı və tarixi abidələri ilə bağlı film nümayiş etdirilib.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov tədbiri açaraq, Qax şəhərinin “Milli mətbəx paytaxtı” elan edilməsinin rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib, il ərzində həyata keçiriləcək tədbirlərin Qaxın milli kulinariyasının, həmçinin rayonun zəngin turizm potensialının tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev xalqımızın malik olduğu maddi və qeyri-maddi mədəni irsin qorunması və təbliği işinin mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu bildirib. Diqqətə çatdırılıb ki, nazirlik tərəfindən 2010-cu ildən həyata keçirilən “Xalq yaradıcılığı paytaxtları” proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi, “paytaxt” seçilmiş şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır. Proqramın 2010-2014-cü illəri əhatə edən birinci mərhələsi çərçivəsində üç nominasiya üzrə 15 “paytaxt” şəhər elan olunub, bir sıra yaddaqalan tədbirlər həyata keçirilib. Proqramın icrası bölgələrin adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılmasına, rayonların mədəni həyatının dirçəldilməsinə böyük təsir göstərib. Təsadüfi deyil ki, “paytaxt” seçilmiş şəhərlərdə keçirilən bir sıra festivallar artıq ənənəvi xarakter alıb.
Şöbə müdiri bildirib ki, yeni “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən Qax şəhəri 2015-ci il üzrə “Azərbaycanın milli mətbəx paytaxtı”, Şamaxı şəhəri isə “Azərbaycanın ədəbiyyat paytaxtı” elan edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsini milli mənəvi dəyərlərimizə, rayonun milli mətbəx nümunələrinə verilən yüksək qiymət və etimad olduğunu vurğulayıb. Bildirilib ki, “paytaxt” şəhər nominasiyası çərçivəsində rayonun milli mətbəxi ilə bağlı silsilə tədbirlər, festival, konfrans, dəyirmi masa, müsabiqə və sərgilərin keçirilməsi nəzərdə tutulur. Vurğulanıb ki, “paytaxt” nominasiyası proqramı Qaxın milli mətbəx nümunələrinin üzə çıxarılmasında və geniş miqyasda təbliğ olunmasında mühüm rol oynayacaq, eyni zamanda turizm sahəsinin inkişafına öz töhfəsini verəcək.
Mərasimin sonunda Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsi ilə bağlı xatirə kuboku rayon rəhbərliyinə təqdim olunub.

Qədim söz sənəti beşiyi

Şamaxı şəhərinin 2015-ci il üçün “Azərbaycanın ədəbiyyat paytaxtı” elan olunması ilə əlaqədar mayın 14-də rayon Mədəniyyət mərkəzində təntənəli tədbir keçirilib. Tədbirdən əvvəl Şamaxı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Təqdimat mərasimini rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq Şamaxının tarixən elm, ədəbiyyat, mədəniyyət və poeziya beşiyi olduğunu diqqətə çatdırıb, rayon sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik edib.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi, qorunması, xalq yaradıcılığının inkişafı, təbliği və təşviqi ilə əlaqədar aparılan uğurlu islahatlardan danışıb. Şöbə müdiri Şamaxının milli ədəbiyyatımıza böyük söz ustadları bəxş etdiyini vurğulayaraq qədim şəhərin 2015-ci il üçün “Ədəbiyyat paytaxtı” elan edilməsinin təsadüfi olmadığını bildirib, bu münasibətlə rayon sakinlərinə təbriklərini çatdırıb.
“Azərbaycanın ədəbiyyat paytaxtı”nın kuboku rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə təqdim edilib.
Azərbaycan Yazıçılar Birliyi Şamaxı bölməsinin rəhbəri, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev, rayon Təhsil Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “Xalq yaradıcılığı paytaxtları” proqramının regionlarda bu istiqamətə diqqətin artmasına, bölgələrimizin zəngin irsinin tanınmasına zəmin yaratdığını vurğulayıblar.
Tədbirin bədii hissəsində xalq artistləri Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, müğənnilərdən Elnarə Abdullayeva, Elbrus Niftəliyev, Zeynal Əhmədov, Vasif Nuriyevin ifa etdikləri təsnif və muğamlar, Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun və Rəhman Rasimoğlunun, tarzənlər Mehman Mikayılovun, Altay Niftalıyevin, kamança ustası Araz Ağaverdiyevin ifaları tamaşaçılarda xoş ovqat yaradıb. Tədbirin aparıcısı, bədii qiraətçi Rəfail Tağızadə İmadəddin Nəsiminin və Seyid Əzim Şirvaninin qəzəllərini söyləyib. Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Buta” rəqs qrupunun çıxışları da alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar