Şabran şəhərində klassik Azərbaycan poeziyasının banilərindən olan Xaqani Şirvaninin (1126-1199) yaradıcılıq dünyasına həsr olunmuş ənənəvi “Xaqani poeziya günü” keçirildi. Dördüncü ildir təşkil olunan tədbirin iştirakçıları əvvəlcə Xaqani Şirvaninin abidəsi önünə tər çiçək dəstələri düzdülər. Sonra Azərbaycan və xarici ölkə yazarlarının əsərlərindən ibarət sərgiyə baxış oldu. Sərgidə həmçinin qədim Şabran şəhəri və ötən illərin poeziya günlərini əks etdirən fotoşəkillər nümayiş olundu.

Tədbiri açan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Səmədov qeyd etdi ki, artıq neçə gündür bütün dünyanın diqqəti Azərbaycana çevrilib: “Yüksək səviyyədə davam edən ilk Avropa Olimpiya Oyunlarının möhtəşəm açılışı da məhz ədəbi-bədii kompozisiyanın nümayişi ilə gerçəkləşdi. Dahi Nizaminin əsərlərindən ibarət kompozisiya bütün dünyaya səs saldı. Bu da təsadüfi deyil. Nizaminin bütün fəlsəfəsinin mərkəzində varlığın ali dəyəri, mənəvi zənginliyin və biliklərin tükənməz mənbəyi kimi insan durur. Ulu öndər Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi əvəzedilməz qayğı, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. “Xaqani poeziya evi”nin inşa olunması da bu qayğının təzahürüdür. Şabranlı yazarlar bu diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdardır”.
Yazıçı-publisist Aydın Tağıyev, “Şabran” ədəbi məclisinin sədri Qafar Süleyman, “Poeziya evi”nin müdiri şairə Aybəniz Əliyar ədəbiyyata göstərilən diqqət və qayğıdan danışdılar. Sonra yerli yazarlar yeni şeirlərini iştirakçıların nəzərinə çatdırdılar.
Tədbirə qonaq qismində qatılan yazıçı və şairlər Elçin Hüseynbəyli, Tofiq Nurəli, Səlim Babullaoğlu, Seyfəddin, Nəcməddin Mürvətov və Sabir Zöhramlı çıxış edərək Xaqani yaradıcılığının Azərbaycan ədəbiyyatında yerindən söhbət açdılar, əsərlərindən parçalar oxudular.
Tədbirə yekun vuran Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov vurğuladı ki, Azərbaycan xalqı əlamətdar günlərini yaşayır. Odlar Yurdu ilk Avropa Oyunları kimi mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Qeyd olundu ki, Azərbaycanın böyük tarixi keçmişinin bir hissəsi də qədim yurd yerimiz olan Şabranla bağlıdır. Şabranın tarixinə ən böyük qiyməti verən ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən, 1979-cu ildə burada arxeoloji tədqiqatlara başlanıb. Ümummilli liderin imzaladığı sərəncamla qədim Şabran şəhəri ərazisi qoruq elan olunub.
İcra başçısı onu da diqqətə çatdırdı ki, Xaqani Şirvaninin taleyinin bir məqamı Şabranla bağlıdır. Şair məşhur “Həbsiyyə”sini burada məhbəsdə olarkən qələmə alıb. Xaqaninin həbsdən azad olunması da şabranlıların xeyirxahlığı sayəsində mümkün olub. Bu baxımdan böyük şairin abidəsinin Şabranda ucaldılması, adına poeziya günlərinin keçirilməsi təsadüfi deyil.
Tədbirin sonunda Xaqaninin qəzəlləri və muğamlar səsləndirilib.

Çingiz Xalidoğlu,
Şabran







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar