26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı mədəniyyət müəssisələrində müxtəlif tədbirlər təşkil olunub.
Qazax rayon Mərkəzi kitabxanasında gənclərlə keçirilən görüşdə multimedia-kitabxana filialının böyük kitabxanaçısı Hicranə Məmmədovanın “Müasir dövrdə insanlığa qarşı böyük bəla” mövzusunda məruzəsi dinlənilib. Polis Şöbəsinin əməkdaşı, mayor Sarif Qurbanov mövzu ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, narkomaniya ilk növbədə gəncliyi hədəf alan, xalqın genofonduna zərbə vuran bəşəri bəladır.
Tədbirdə həmçinin həkim-narkoloq Nahidə Osmanova, Uşaq poliklinikasının sahə həkimi Nuridə Məmmədova, MİMHİK-nın sədri İsgəndər Qurbanov və gənclər çıxış ediblər. Sonda mövzu ilə bağlı hazırlanan sərgiyə baxış keçirilib.
* * *
Qazax Dövlət Rəsm Qalereyasında da “Narkotiklə mübarizə” mövzusunda tədbir təşkil olunub. Qalereyanın direktoru bildirib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə narkotik vasitələrə qarşı mübarizə işi daha da gücləndirilib. Təbirdə dərnək üzvlərinin mövzuya həsr etdikləri rəsm əsərləri nümayiş olunub.
* * *
Sumqayıt şəhər Gənclər kitabxanasında gənclərin və Qızıl Aypara Cəmiyyətinin iştirakı ilə “Ağ ölüm”ə yox deyək” adlı tədbir keçirilib. Kitabxananın direktoru Sona Eminova narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumxalq işi olduğunu vurğulayıb. Digər çıxış edənlər narkomaniyanın doğurduğu fəsadlardan danışaraq hər kəsi bu təhlükəli bəlaya qarşı birgə mübarizəyə səsləyiblər. Tədbir iştirakçıları “Pis vərdişlərə yox deyək” adlı sərgi ilə tanış olublar.
* * *
Ağcabədi rayon MKS-nin təşkilatçılığı ilə Mədəniyyət evində “Narkomaniyaya yox deyək” başlıqlı tədbir keçirilib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rza Quliyev, MKS-nin direktoru İradə Allahverdiyeva, Mədəniyyət evinin direktoru Məzahir Mehdiyev, Kəhrizli kənd kitabxanasının müdiri Arifə Məhərrəmova və başqalarının çıxışları dinlənilib. Qeyd olunub ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, əxlaqi dəyərlərə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.