Qəsəbədə yeni inşa edilən “Orayin” Udi Mədəniyyət Mərkəzinin açılış mərasimi olub

Qəbələ rayonunun Nic qəsəbəsində “Udi mədəniyyəti günü” keçirilib. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və Gürcüstanda yaşayan udilər iştirak ediblər.

Əvvəlcə qəsəbədə yeni inşa edilən “Orayin” Udi Mədəniyyət Mərkəzinin açılış mərasimi olub. Tədbirdə çıxış edənlər bildiriblər ki, 6 min nəfər əhalisi olan Nic qəsəbəsində 3700 nəfər udi yaşayır. Azərbaycanda ümumilikdə 4 mindən çox udi var, dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Xarici ölkələrdə yaşayan azsaylı udilər uzun illər başqa xalqların dilini, adətini, mədəniyyətini qəbul edərək assimilyasiya olunublar. Azərbaycanda isə onlar qayğı ilə əhatə ediliblər. Qədim Qafqaz Albaniyasının ərazisində yaşayan və 26 xalqdan biri olan udilərin dünyada assimilyasiyasının qarşısının alınması üçün hər il iyul ayında Nic qəsəbəsində mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. Nic qəsəbəsində üçüncü dəfədir Udi mədəniyyəti günü keçirilir.
Vurğulanıb ki, tolerantlığın kiçik modeli hesab olunan Nic qəsəbəsində, eləcə də Qəbələ rayonunda udilərə qarşı heç bir ayrı-seçkilik yoxdur. Nic qəsəbəsində qədim “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpası Azərbaycanda tolerantlığa gözəl nümunədir. Bildirilib ki, sovet dövründə udilərə öz milli və dini bayramlarını qeyd etmək qadağan olunub. 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udilərin istifadəsinə verilib. Hazırda Nic qəsəbəsində üç kilsə, iki məscid var. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur. Kilsədə dini ayinlər udi dilində icra edilir.
Çıxışlardan sonra mədəniyyət mərkəzinin açılışını bildirən rəmzi lent kəsilib. Qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar. Burada udi alimləri haqqında hazırlanan fotostend, udi yazıçılarının kitablarından ibarət sərgi nümayiş etdirilib.
Udilərin dini və milli bayramlarına dair, eləcə də qəsəbəyə gələn xarici ölkə rəhbərləri və tanınmış qonaqlarla çəkilmiş fotolar, bukletlər, azsaylı xalqın ədəbiyyatı, tarixi ilə bağlı kitab və jurnallar sərgilənib.
Mərkəzdə qonaqlara udilərin tarixi, onların Azərbaycanda yaşayış məskənləri, həyat şəraiti, adət-ənənələri, sosial-iqtisadi vəziyyəti barədə məlumat verilib, udi dilində şeirlər oxunub, milli geyimlər nümayiş olunub.
Sonda udilərin mədəniyyəti haqqında sənədli film göstərilib, udi dilində musiqiçilərin canlı ifaları dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar