Prezident İlham Əliyev mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Fərmanda deyilir ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Bildirilir ki, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyəti nəzərə alınaraq belə bir mərkəzin yaradılması qərara alınıb.
Fərmanda Nazirlər Kabinetinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək, Ədliyyə Nazirliyinə qurumun dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etmək tapşırılıb.