Naxçıvan Azərbaycanın mineral su ehtiyatları ilə ən zəngin bölgəsidir. Muxtar respublikanın ərazisində 200-dən çox mineral və müalicəvi su mənbəyi var. Böyük debitə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ arsenli mineral suyudur.

Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdəki Şorsu dərəsində “Şəfa bulağı” adlanan əraziyə yaxınlaşdıqda ecazkar bir mənzərə ilə qarşılaşırsan. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək olan avtomobil yolu asfalt-beton örtük salınmaqla yenidən qurulub, burada yeni bina tikilib, müalicə olunanların istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Darıdağ Arsenli Su Müalicəxanasında 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Suyun tərkibi hələ XIX əsrin ortalarından başlayaraq rusiyalı alimlər tərəfindən öyrənilib. Sovet dövründə Darıdağ suyunun kimyəvi, fiziki, balneoloji, müalicəvi və başqa xüsusiyyətləri Azərbaycan Elmi-Tədqiqat və Fiziki-Təbii Amillərlə Müalicə İnstitutunun, Azərbaycan Dövlət Tibb Universitetinin, respublika Elmlər Akademiyası Təbii Amillərlə Müalicə Bölməsinin əməkdaşlarından akademik M.Qaşqay, A.Qarayev, professor Ə.Əsgərov, M.Əfəndiyev, Ş.Həsənov və başqaları tərəfindən ətraflı araşdırılıb.
Darıdağ suyunda karbon qazı, mərgümüş, yüksək minerallaşdırılmış xlor-hidrokarbonat-natrium var. Polşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür.
İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Bu sudan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edilib. 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilib.
Müalicəxananın xidmətlərindən xarici ölkələrdən gələnlər də istifadə edirlər. Bu ilin əvvəlindən 700-dən çox insan müalicəxanaya müraciət edib. Onlardan 50 nəfəri Türkiyə, İran, Rusiya, Ukrayna və Gürcüstandan gələnlərdir. Müalicənin müsbət nəticələrini görən xəstələr hər il təkrar Darıdağa üz tuturlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar