Şəhər və rayon mədəniyyət ocaqlarında 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbirlər keçirilib
İyulun 28-də Ağsu rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhər 1 saylı bağçanın məktəbəqədər yaşlı uşaqları iştirak ediblər.
Kitabxananın müdiri Ülkər Hacıyeva Azərbaycan dilinin yaranması, onun gözəllikləri haqqında məlumat verib. Kitabxananın işçiləri uşaq yazıçılarının əsərlərindən parçalar oxuyublar. Sonda uşaqlar uca səslə “Şirin dil” mahnısını xorla ifa ediblər.
* * *
Qazax rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə “Azərbaycan dilini, adət-ənənələrini qoruyaq” adlı məruzə dinlənilib. Uşaq şöbəsinin “Nağıl otağı”nda “Şirindir ana dilim” adlı uşaq səhərciyi təşkil olunub.
MKS-nin Dəmirçilər kənd kitabxana filialında “Ana dilinə dövlət qayğısı” adlı söhbət keçirilib. Filialın müdiri Xanım Hüseynova tədbiri də bildirib ki, dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir.
Kənd orta məktəbin müəlliməsi İlhamə Novruzova, sənətkarlıq evinin müdiri Tərlan Əhmədova və başqaları mövzu ətrafında çıxış ediblər.
* * *
Ağcabədi rayon Mədəniyyət evində "Dilimiz milli varlığımızdır" mövzusunda elmi-praktik konfrans keçirilib. MKS-nin direktoru İradə Allahverdiyeva latın qrafikalı əlifbanın tətbiqinin yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu bildirib. MKS-nin direktor müavini Təranə Məmmədova "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda məruzə ilə çıxış edib. Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Həcər Qəribova, Mədəniyyət mərkəzinin direktoru Məzahir Mehdiyev və başqalarının çıxışları dinlənilib. Sonda ana dilinə həsr olunmuş şeirlər səsləndirilib.
* * *
İmişli rayon MKS-nin Mərkəzi kitabxanasında “Ana dilini qorumaq” adlı sərgi və tədbir keçirilib. Eyni zamanda MKS-nin 25 saylı Bəhrəmtəpə kənd kitabxana filialında “Ana dilini sevək”, 26 saylı Qaragüvəndikli kənd kitabxana filialında “Ana dili günü”, 5 saylı Cavadxanlı kənd kitabxana filialında “Ana dilini öyrənək və sevək” mövzularında tədbirlər keçirilib.
* * *
Samux rayon Mərkəzi kitabxanasında mədəniyyət işçiləri ilə birgə dəyirmi masa təşkil olunub. Tədbirdə “Ana dilimizi qoruyaq”, “Ana dilimizi sevək”, “Azərbaycan dili bu gün”, “Dilimizə dövlət qayğısı” və “Ana dilində düzgün danışaq” mövzuları ətrafında söhbət aparılıb. Dəyirmi masada şeir söyləyən balaca oxuculara hədiyyələr təqdim olunub.
* * *
Xocavənd rayon MKS-də “Ana dilimizi sevək, qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbiri açan direktor Şamama Hüseynova ötən əsrin əvvəllərindən üzü bəri Azərbaycan dilinin keçdiyi keşməkeşli yola nəzər salıb. Uşaq şöbəsinin müdiri Yasəmən Əliyeva milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafından danışıb.
* * *
Daşkəsən rayon MKS-nin uşaq kitabxanasında “Ana dilimizi sevək, sevdirək” başlığı altında söhbət təşkil olunub. Kitabxananın multimedia üzrə mütəxəssisi Kəmalə Verdiyeva bildirib ki, ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin həyat tərzi, mədəni irsidir. Tədbirdə Anar Mürsəlov adına 2 saylı orta məktəbin 2-ci sinif şagirdləri ana dilimiz haqqında şeirlər söyləyiblər.
* * *
Qobustan rayon Mərkəzi kitabxanasında “Müasir Azərbaycan dili” mövzusunda tədbirin iştirakçıları əvvəlcə mövzuya həsr edilmiş sərgi ilə tanış olublar. MKS-nin direktoru A.Cəbrayılova ana dilimizin inkişafına dövlətin diqqət və qayğısından söz açıb. Orta məktəbin müəllimləri Tura Orucova və Ənvər Qayıbov çıxış edərək ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin dilimizə, mədəniyyətimizə böyük həssaslıqla yanaşdığını qeyd ediblər.
* * *
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanasında “Dilimiz misilsiz xəzinədir”, Mərkəzi uşaq kitabxanasında “Dilimdən güc alıb elimin kökü”, 4 saylı Gənclər kitabxanasında “Hər birimizin qürur mənbəyimiz”, 14 saylı kitabxana filialında “Dil milli varlığımızdır” başlıqlı sərgilər təşkil olunub. Həmçinin 6, 7, 8, 9, 10 saylı kitabxana filiallarında, N.Gəncəvi adına Kitabxana-klubda mövzu ilə bağlı ədəbiyyat saatı, səhərcik, poeziya dəqiqələrinin təşkili nəzərdə tutulub.
* * *
Yevlax şəhər Mərkəzi kitabxanasında “Ana dili - hikmət xəzinəsi” mövzusunda sərgi təşkil olunub. Rayon ziyalılarının, orta məktəb müəllimlərinin iştirakı ilə “Dilimiz - mənəviyyatımız” adlı dəyirmi masa keçirilib. Mərkəzi kitabxananın uşaq şöbəsində “Ana dilim şirindir” adlı sərgi və söhbət təşkil edilib. MKS-nin kitabxana filiallarda “Ana dilimizi sevək, qoruyaq”, “Ana dilim - milli varlığım”, “Ana dilimiz ən böyük milli sərvətimizdir” və s. mövzularda dəyirmi masalar keçirilib, sərgilər hazırlanıb.
* * *
1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Tovuz rayon MKS-nin Mərkəzi kitabxanası və onun filiallarında “Dilimizin saflığını qorumaq hamımızın borcudur“, “Milli varlığın ilk atributu”, “Ana dilimiz müqəddəsdir”, “Azərbaycan dili milli dövlətçiliyimizin əsas atributlarından biridir” və s. mövzularında sərgi, məruzə, dəyirmi masa, söhbət, müzakirə və diskussiya təşkil edilib.
* * *
Saatlı rayon Mərkəzi kitabxanasında “Ana dili milli varlığımızdır” mövzusunda tədbir keçirilib. MKS-nin böyük metodisti, Əməkdar mədəniyyət işçisi Mehdi Mehdizadə əlamətdar günün tarixindən söz açıb. Mədəniyyət mərkəzinin direktoru Bəylər Əliyev, Hacıqasımlı kənd klubunun müdiri İntiqam Həsənov, Qıraqlı kənd kitabxanasının müdiri Ehtiram Mirzəyev və başqaları fikirlərini bölüşüblər. Varxankənd, Şirinbəy, Fətəlikənd, Nəsimikənd və digər kitabxana filiallarında tədbirlər keçirilib.
* * *
Qubadlı rayon MKS 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Əhmədov, oxu zalının müdiri Sevda Əliyeva, informasiya-resurs şöbəsinin müdiri Zülfiyyə Adıgözəlova və başqaları dilimizin inkişaf mərhələlərinə nəzər salıb, 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılmasından söz açıblar. Sonda Mahmunlu kənd mədəniyyət evinin bədii qiraət dərnəyi üzvlərinin ifasında şeirlər səsləndirilib.